https://innews.media/uploads/news/2023-08/_innews_154ff6f4d38be342d0c45c9bf_o.jpg
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət ediblər. Sonra dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Sakinləri təbrik edən Prezident İlham Əliyev deyib: “İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən işlərlə bağlı məlumat verib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.
Müəllif: Ülviyyə Rəhimova
Göygöl rayonu üzrə Təhsil sektorunun məsləhətçisi
Ən son xəbərləri səhifəmizdən də izləyin