logo
Novruz sülhü tərənnüm edir!

Novruz sülhü tərənnüm edir!

Novruz sülhü tərənnüm edir! Novruz sülhü tərənnüm edir!

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Ölkəmizlə yanaşı bu gün bütün əksər Şərq ölkələrində geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında tarixi fikir söyləyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir". Ulu Öndər cəmi bir neçə cümlə ilə Novruz bayramının mahiyyətini, fəlsəfəsini və daşıdığı ümumbəşəri dəyərləri dəqiqliklə qeyd etmişdir. Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Ümummilli Liderin Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi qeyd etmək lazımdır. Novruz bayramı sovetlər birliyi dövründə uzun illər rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Tarixi Qələbəmizdən cəmi dörd ay sonra, 20 mart 2021-ci il tarixində MöhtərəmPrezident İlham Əliyev Şuşadan, Cıdır düzündən xalqa etdiyi müraciətində demişdi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Bu gün Ulu Öndərin milli dəyərlərimizin qorunmasına və inkişafına yönəldilmiş siyasi kursu Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Əlbəttə ki, bu, keçmişimizi günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Ölkə başçısı hər il bayram şənliklərinə qatılması, xüsusilə də bu il artıq üçüncü ildir ki, xalqa təbrikini işğaldan azad edilmiş ərazilərdən etməsi bu bayramın əhəmiyyətini gözlər önünə sərir.

Filarə İsmayılova;

Neftçala rayon ziyalısı, Şəhid anası

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media