https://innews.media/uploads/news/2026-08/_innews_1921b3c26141c4a1f197c07e8_o.jpg
Fotoşəkillər, sənədlər, iş yazışmaları, şifrələr, maliyyə məlumatları — bir çoxları üçün smartfonlar uzun müddətdir ki rəqəmsal həyatın əsas saxlanc yerinə çevrilib. Bununla belə, tək bir cihazda nə qədər çox dəyərli məlumatlar saxlanılırsa, onların ələ keçmək ehtimalı da bir o qədər yüksək olur. Kaspersky yeni araşdırmasında* istifadəçilərin smartfonlarına ən çox hansı məlumatları etibar etdiklərini aydınlaşdırıb.
Sorğuya əsasən, hazırda smartfonlar geniş çeşidli məlumatların universal saxlanc yeri kimi istifadə olunur. İstifadəçilər əksər hallarda foto və videoları (64%), kontaktları və telefon nömrələrini (55%), messencer və SMS mesajlarını (46%) bu cihazlarda saxlayırlar. Bununla belə, bir çoxları daha həssas məlumatları da mobil cihazlara da etibar edirlər: respondentlərin üçdə birindən çoxu (36%) maliyyə məlumatlarını və maliyyə xidmətləri üçün giriş məlumatlarını, 34%-i müxtəlif xidmətlər üçün şifrə və giriş məlumatlarını, 33%-i mağazadan alış-veriş tarixçəsini və çatdırılma ünvanlarını, 41%-i isə şəxsi sənədləri (məsələn, pasport skanları və ya elektron biletlər) smartfonlarda saxlayır.
Smartfonlar digər məlumatları saxlamaq üçün də əsas seçimlərdən biridir. Məsələn, istifadəçilərin 39%-i korporativ yazışmalarını, 26%-i iş isə təqvimini və görüş cədvəlini mobil cihazında saxlayır. Respondentlərin üçdə birindən çoxu (31%) əyləncə hesabları üçün şifrələri, 25%-i süni intellekt xidmətləri ilə ünsiyyət tarixçələrini, 22%-i lokasiya məlumatlarını (yadda saxlanılan ünvanlar və səyahət tarixçələri), 19%-i tibbi məlumatları və 14%-i qohumlarının və yaxınlarının yerləşdiyi yerlər haqqında məlumatları brauzerlərində saxlayırlar.
“Bu gün əksər insanlar üçün smartfon sadəcə ünsiyyət vasitəsi deyil, o, əsl rəqəmsal cüzdan, arxiv və iş alətidir. Bank tətbiqləri, sənədlər, fotoşəkillər, şifrələr və şəxsi yazışmalar hamısı tək bir cihazda saxlanıla bilər. Buna görə də, yalnız smartfonun özünün qorunmasına deyil, həm də istifadəçinin rəqəmsal vərdişlərinə - mürəkkəb, unikal şifrələrdən istifadəyə, ikifaktorlu identifikasiyaya və məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsinin çıxarılmasına diqqət yetirmək vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
"Biz çox vaxt smartfonlarımızda nə qədər böyük həcmdə dəyərli məlumatın saxlandığını və bu məlumatların kibercinayətkarlar üçün nə qədər maraqlı olduğunu düzgün qiymətləndirmirik. Bu gün əsas məsələ artıq mobil cihazlarımıza hansı məlumatları etibar etməyimiz deyil, onların təhlükəsizliyini nə dərəcədə təmin etməyimizdir. Buna görə də, vacib məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarmaq, təhlükəsizlik həllərindən istifadə etmək və smartfonu itirildikdə nə etməyi əvvəlcədən planlaşdırmaq vacibdir", - deyə Kaspersky şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Anton Kivva bildirir.
Kaspersky aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir:
- smartfondan vacib məlumatların yeganə saxlanc yeri kimi istifadə etməyin; bulud xidmətlərindən istifadə də daxil olmaqla, müntəzəm ehtiyat nüsxələri yaradın. Şifrələr, bank məlumatları və sənədlər kimi ən həssas məlumatlar üçün əlavə müdafiə təmin etmək xüsusilə vacibdir. Bu məqsədlə, giriş məlumatlarını, bank kartlarını, sənədləri, qeydləri və digər məxfi məlumatları cihazlar arasında sinxronizasiya olunan təhlükəsiz bir seyfdə saxlamağa imkan verən “Kaspersky Password Manager” kimi ixtisaslaşmış həllərdən istifadə etmək olar.
- istifadə etdiyiniz bütün cihazlarda effektivliyi müstəqil sınaqlarla təsdiqlənmiş etibarlı təhlükəsizlik həlli quraşdırın.
- mümkün itki halında cihazınızı qoruyun: smartfonunuzun yerləşmə funksiyasını aktivləşdirin, məlumatların avtomatik ehtiyat nüsxələnməsini qurun və söndürüldükdən sonra ekranın dərhal kilidlənməsini aktivləşdirin. Bundan əlavə, cihazınızı ictimai yerlərdə nəzarətsiz qoymayın və ya asan əlçatan yerlərdə saxlamayın.
* Rəqəmsal həyat: Trendlər, risklər, imkanlar" adlı araşdırma Kaspersky Tədqiqat mərkəzi tərəfindən 2026-cı ilin mart ayında aparılıb. Sorğuda 18 ölkədən 7200 respondent iştirak edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin