logo
Tələbə dilində: Torpaq əmanət, "Xocalıya ədalət"...

Tələbə dilində: Torpaq əmanət, "Xocalıya ədalət"...

Tələbə dilində: Torpaq əmanət, "Xocalıya ədalət"... Tələbə dilində: Torpaq əmanət, "Xocalıya ədalət"...

Dilimizdə "olacaq" ifadəsi var. Bunu taleyə, qismətə, bir az da dərinə gedərək alın yazısına bağlayırıq. Amma elə olacaqlar var ki... Doğrusu, başımıza gətirilən elə olanlar var ki, təbiət hadisəsi də, dünyanı bina edib, canlıları xəlq edən Yaradanın özü də baş verənlər qarşısında matı-mutu quruyur. Yaradan yaratdığının dağıtdığını, fəlakətini, müsibətini, terrorunu dəhşətlə izləyir... Yuxarıda çəkdiyimiz "olacaq" ifadəsi xalqımız üçün tale yazısıdırsa, bəşəriyyətə düşmən kəsilən erməni cəlladı üçün məqsəddir, amaldır, xəritədir... Düşmənin bəşəriyyətə vurduğu ziyan, bir sözlə canlı və cansıza kəsildiyi qənim heç bir halda zaman, məkan, insanlıq çərçivəsinə sığmır... Ümumiyyətlə erməni vandallığı ən qorxunc şəkildədir, zamansızdır, vaxtsızdır, gizlidir... Artıq Xocalı faciəsindən 31 il ötüb. Buna baxmayaraq xalqın ürəyinə basılan dağın ağrısı, fiziki və mənəvi məhvin acısı unudulmur. Hər ötən il başımıza gətirilən faciələr dərin hüznlə və qürurla anılır. Faciədən illər sonra doğulan oğul və qızlarımız da müsibəti görənlər qədər ağrı-acıyla, o illərin göynəltisini hiss edərək qətliam qurbanlarını, şəhidlərimizi anır, yad edirlər. Heç təsadüfi deyildir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri xalqımızın başına gətirilən bəlaları qələmləri və qəlbləri ilə yazılarında canlandırırlar.

 


Jurnalistika fakültəsinin birinci kurs tələbəsi Samirə Kərimli Xocalı soyqırımına dünyanın biganə münasibətini çəkdiyi karikatura ilə oxucuya çatdırır (karikatura yazının şəkli olacaq). Müəllifin karandaşı ilə birlikdə qələmi də faciəni əks etdirir: "Millət mənəviyyatın pasportudur. Hansı ölkədə kök salması onun xarakterini formalaşdıran əsas amillərdən biridir. Aşkar hadisədir ki, bizim millətə bu mənəviyyatsızlığı yaşadan xalqdan nə gözləmək olar?" Yazının bu hissəsi çəkdiyi karikaturaya tamamilə uyğundur. Beləki, kökü bilinməyən, müəllifin də dediyi kimi, "mənəviyyat pasportu" olmayan bu "millət"ə təəssüf ki, dünya inanır, daha dəqiq desək, aldanır. Gənc müəllifin "26 fevral – qar ayı, qan ayı" başlığı çox uğurludur və həssas oxucuya bəribaşdan mesaj ötürməyi bacarır. Samirə Kərimlinin məqalədə qırmızı xətlə keçən cümləsi insanı o məşum günlərə aparır: "O gecə günahsız insanların göz yaşı qan əvəzi göydən yağırdı..." Tələbələr – yazı müəllifləri Xocalı soyqırımından 13-14 yaş kiçikdirlər, amma faciə qurbanlarının dərdini, ağrısını anlayacaq qədər qəlbləri böyükdür...

 

 

Tələbə Məryəm Abdullazadə qan yaddaşımıza "Xocalı insanının gözü ilə" (bu, həm də yazının başlığıdır) baxır. Və "İllərin bizi uzaq saldığı, lakin qəlbimizdən, beynimizdən ayıra bilmədiyi o ağrı-acıları bu gün də olduğu kimi hiss edirik" deyə yazır. Yazı boyu gənc müəllifin xocalılı yaxınlarının dərdini həssaslıqla anladığı, duyduğu hiss olunur. Hətta Məryəm Abdullazadə Xocalı sakininin sözləri ilə Türkiyədə zəlzələdən əziyyət çəkən vətəndaşın dilindən səslənən ifadələrin paralelliyin aparır. Xocalı qətliamı ilə Türkiyədəki zəlzələnin fevral ayındakı oxşarlığına toxunur: "Çox yaxından tanıdığım Xocalı şahidi Səlimova Zənurənin bu misraları qulaqlarımda hələ də əks-səda ilə duyulur: " Mən bilməzdim ki, öz doğma torpağımı məcbur qalıb tərk edəcəm". Hətta bu misralar mənə Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycana  gətirilən ailənin: "Bina yıxılmadı, amma biz beyin olaraq yıxıldıq, biz ölkəmizdən qaçmadıq, biz savaşçı millətik!" deməsini xatırlatdı."

 


Digər müəllif Aydan Qasımova beynində canlandırdığı, qələmi ilə əbədiləşdirdiyi "Ayrılığın Xocalı adı" başlıqlı yazısında yarımqalan taleləri, sevgiləri, telefon zənglərini məharətlə bugünümüzə uyğun şəkildə əlaqələndirir: "Salam 07:21
Göndərildi
Hardasan axı? 11:30
Göndərildi
Qorxuram artıq! 13:40
Cavab ver, sevgilim! 16:41
Göndərildi
Buradadırlar, əlvida, əzizim... 17:00
Göndərildi. Düşünün: milyonlarla oxundu mesajı, kədər hissi, qəlb qırıqlığı, göz yaşları"... Göründüyü kimi, gənc tələbə günahsız insanların ayrılığını müasir zamana daşıyır və üsyan edir. O, düşməni Hüseyn Cavidin "İblis"inə bənzədir. Düşməni də iblis kimi qorxulu görür, o adı calibi-heyrət sanaraq yazır: "...Canı olan biri qıya bilərmi başqa bir cana?! Bu qədər insafsız, bu qədər vicdansız!!! Necə yaşayar bir can başqa canları cansız qoyarkən?!" Tələbələrin yazılarında 26 fevral acısı ilə bərabər, 27 sentyabr qüruru da hiss olunur. Onlar xalq yazıçısı Qılman İlkinin "İntiqam" əsərindəki Azərbaycanın qadınının mərdliyinə bələddir. Hekayədə xeyir şər üzərində qələbə çalır. Həyatda isə Azərbaycan ordusu Vətən savaşında şər qüvvələri – bütün Levonları məhv elədi, kökünü kəsdi.

 

 

Asiman Hafizqızı böyük qürurla "26 fevral acısının 27 sentyabr məlhəmi" başlıqlı yazısını düşmən üzərindəki şanlı qələbəylə yekunlaşdırır. Xalq olaraq əsrlərlə varlığımızı qorumağımızdan, min bir müsibətlərə sinə gərməyimizdən söz açır: "Yurddan didərgin düşməyin acısını, əliyalın insanların başına gətirilən bəlaların fəryadını, qəlbimizdə minlərlə şəhid dağını yaşadıq... Xalq Mübariz, Polad oğullar timsalında mübarizləşdi, poladlaşdı". Tələbə-jurnalist qeyd edir ki, əgər bir xalqın Xocalı aeroportunu qoruyaraq minlərlə insanı faciədən qurtaran Əlif Hacıyevi, 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməyi bacaran Allahverdi Bağırovu, qanlı-qadalı döyüşlərdə kamerası ilə çəkdiyi kadrları dünyaya çatdıran Çingiz Mustafayevi olub və olacaqdır. Müəllif müstəqillik əldə edən dövlətimizin reallıqlarını qeyd edir və yazısını da iftixar dolu ifadələrlə yekun vurur: "Güclü ordumuz, doğru siyasi xətt, xalq və dövlət birliyi... Və bir də genimizdə olan qəhrəmanlıq hissi..." Artıq yazının sonudur. Və tələbə yazılarından yekun qənaət hasil olur: parlaq zəfərimiz, nurlu səhərimiz nə qədər çox olsa da, düşməni tanımaq, başımıza gətirilən faciələri, müsibətləri dünya var olduqca unutmamaq.

 

Əsgər İsmayılov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media