logo
Xocalı insanının gözü ilə

Xocalı insanının gözü ilə

Xocalı insanının gözü ilə Xocalı insanının gözü ilə

O məşum, dəhşət saçan, şaxtanın qılınc kimi kəsdiyi, düşmən gülləsinin insan taleyini yarıda qoyduğu 26 fevral 1992-ci il gecəsindən 31 il ötür.

İllərin bizi uzaq saldığı, lakin qəlbimizdən, beynimizdən ayıra bilmədiyi o ağrı-acıları bu gün də olduğu kimi hiss edirik.

Ötən illər yalnız bir rəqəm, zaman deyil. 31 ildə şahidlərin beynindən bir an da olsa o günün dəhşəti, vəhşəti silinmir. Xocalı şahidləri bu gün o kədəri nə qədər çətinliklə dilə gətirsələr də, ən böyük yanğını ürəklərində çəkirlər, yaşadırlar...

Bu gün Xocalılar o gecənin intiqamının alındığı üçün sevincli, qürurludurlar, lakin bir o qədər də qəm dəryasında ömürlük sərnişindilər.

İnsan yaşadıqlarını danışdıqca, əslində, rahatlayır, içindəki boğuqluğu bir az da olsa üzərindən ata bilir, ancaq əfsuslar olsun ki, xocalılar 31 ildir danışsalar da, ürəklərindəki yanğını söndürmək mümkün deyil.

Əlbəttə ki, səbəbi olduqca aydındır. Neçə qohumlarını, tanışlarını, ən yaxınlarını düz bir gecəyə itirdilər... Onlar bir gecəyə qurban getdilər... Bəlkə də onlar düşünməzdilər ki, bir gecədə bütün həyatları alt-üst olacaq, öz doğma torpaqlarından didərgin düşəcəklər.

Əziz oxucu, mən nə qədər o gecəyə gözlərimlə şahid olmasam da, orta məktəb həyatımın düz 6 ilini Xocalı şəhər 2 saylı tam orta məktəbində təhsil alan biri olaraq özümü Xocalıların yerinə qoyuram. Təhsil aldığım Xocalı məktəbi yalnız 26 fevral günündə deyil, hər gün, hər dəqiqə, hər saniyə Xocalı qurbanlarını ehtiramla anırdılar. Biz həmişə əmin idik ki, bir gün Xocalının intiqamı alınacaq. Ümumiyyətlə, təhsil aldığım bütün illər ərzində sağım, solum Qarabağ və Qarabağlılar olub, xüsusilə, az əvvəl də vurğuladığım kimi Xocalı məktəbində təhsil aldığım müddətcə ətrafım tamamilə Xocalılardan ibarət idi. Mən hələ də onların dilindən səslənən qəlbindən duyulan, gözlərindən oxunan alovlu misraları, düşmənə nifrəti unutmuram. Mən əminəm ki, bu gün də onlara bir mikrofon verib: "Bura nə danışsan, bütün dünya eşidəcək və başa düşəcək" desəniz, onlar Xocalının və Xocalıların qara taleyindən danışacaqlar, bəlkə də heç susmayacaqlar.

Çünki bu dəhşət anlatdıqca uzanır, uzandıqca da sağalmaz yaraları bir də qanadır.

Xocalılar hər zaman o gecə yaşadıqlarını danışarkən sözlər boğazlarında düyünlənir, əslində, onlar erməni vandallarının yaşatdıqları o qanlı gecəni, ədalətin yox olduğu o gecəni bütün dünyaya çatdırmaq fikrindədirlər. Lakin olanları danışmaq onları bir daha həmin gecəyə aparıb eyni hadisələri yenidən yaşadır sanki.

Çox yaxından tanıdığım Xocalı şahidi Səlimova Zənurənin bu misraları qulaqlarımda hələ də əks-səda ilə duyulur: " Mən bilməzdim ki, öz doğma torpağımı məcbur qalıb tərk edəcəm". Hətta bu misralar mənə Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycana  gətirilən ailənin: "Bina yıxılmadı, amma biz beyin olaraq yıxıldıq, biz ölkəmizdən qaçmadıq, biz savaşçı millətik!" deməsini xatırlatdı.

Misralarımı "Həyat bumeranqdır" cümləsi ilə yekunlaşdırıb demək istəyirəm ki, ermənilər öz əməllərinin cəzasını layiqincə aldılar. Əlbəttə ki, bu, zamanı geriyə çevirib Xocalı qurbanlarını geri qaytaracağımız anlamına gəlmir. Onlar bizim qəlbimizdə yaşayırlar. Və 44 günlük Vətən savaşının düşmən üzərində qalibiyyəti də onların ruhun şad etdi.

Xocalı soyqırımının qurbanlarına, şəhidlərinə Allahdan rəhmət, şahidlərinə isə səbir diləyirik.

Məryəm Abdullazadə

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media