https://innews.media/uploads/news/2023-02/_innews_2ea753d5ea970027877667540_o.jpg
26 fevral - Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar olaraq Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, "Gənclərin Töhfəsi" İctimai Birliyinin və DİA Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Qaranlıqdan aydınlığa" adlı anım tədbiri keçirilib.
Amansız terror qurbanlarını xatırlamaq və vəhşi düşmənin miqyassız əməllərini gənclərə təbliğ etmək məqsədilə keçirilən tədbirdə müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət, səhnə, sənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhid ailəsi üzvləri Məhəbbət Paşayeva, Arif Hümbətov, Xalq artisti Məmməd Səfa, rejissor Səidə Haqverdiyeva, “Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, layihənin ideya müəllifi və rəhbəri Cəlal Əliyev ermənilərin Xocalıda törətdiyi vəhşiliyin davamlı təbliğatını vacib saydılar.
Bildirdilər ki, zaman nə qədər ötsə də xalqımıza qarşı törədilən bu terrorun ağrı-acısı azalmır. Odur ki, bu faktın təkcə tarixi sənədlərlə deyil, ən təsirli təbliğat vasitəsi olan incəsənətin ayrı-ayrı istiqamətləri, xüsusən də kinofilmlər vasitəsilə dünyaya çatdırılmasına ehtiyac var.
Bu mənada Qarabağ müharibəsi şahidlərinin, Xocalıda əsir düşən qadın və uşaqların xatirələri əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filmi böyük təsirə malikdir. Çünki real həyat hekayələri əsasında çəkilən bu film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.
Çıxışların ardınca film nümayiş olunub. 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulandığı ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, "Köhnə çamadanlar"ın ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmdə rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Oksana Rəsulova, Namiq Ağayev, Zümrüd Qasımova və başqaları ifa edirlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin