Energetika naziri Pərviz Şahbazov "Yaşıl Hidrogen Sammiti" çərçivəsində “Masdar” şirkətinin stendi ilə tanış olub və şirkətin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.
Görüşdə “Masdar” şirkəti ilə 230 MVt gücündə Günəş Elektrik Stansiyası üzrə əməkdaşlığın 10 QVt-lıq külək, günəş və “yaşıl hidrogen” layihələri ilə genişləndirilməsindən məmnunluq ifadə edilib. Hazırda 4 QVt gücündə “yaşıl enerji” layihələrinin həyata keçirilməsi istiqamətində proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Avropa 2030-cu ilə kimi 20 milyon ton hidrogen əldə etməyi planlaşdırır. Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı çərçivəsində Azərbaycandan bərpa olunan enerji mənbələrindən istehsal ediləcək elektrik enerjisinin, hidrogenin ixracına maraq var. Bu aspektdə, “Masdar” şirkəti ilə layihələrin vaxtında reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.
“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi isə Azərbaycanla əməkdaşlığın prioritet olduğunu bildirib və bu meqa layihələrə şirkətin dəstəyini ifadə edib.
Görüşdə müxtəlif istiqamətlərdə planlaşdırılan ixrac marşrutları, həmçinin istehsal güclərinin yaradılmasından irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, növbəti addımlar nəzərdən keçirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin