Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında “Meksika şirkətləri yenidənqurma işlərinə cəlb oluna bilər” başlıqlı yazı dərc olunub.
Yazıda 1991-2020-ci illər ərzində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın insanın qaçqın düşdüyü, 20 minə yaxın insanın şəhid olduğu, işğal dövründə 927 kitabxana, 464 abidə, 6 teatr olmaqla, həmin ərazilərdəki məscidlərə, muzeylərə və məbədlərin dağıdıldığı, infrastruktura ziyan vurulduğu bildirilir.
Məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabrında tərəflər arasında Üçtərəfli Bəyanatın imzalandığı, lakin Ermənistanın sözügedən bəyanata zidd olaraq, həmin əraziləri minalamağa davam etdiyi, 44 günlük müharibə dövründə 500-ə yaxın insanın mina partlamasının qurbanı olduğu, onlardan 31 nəfərin mülki şəxs və jurnalist olmaqla, 46 nəfərin həlak olduğu, işğaldan azad edilmiş ərazilərdən 2021-ci ildə Ermənistanda istehsal edilmiş 2700-ə yaxın minanın aşkarlandığı qeyd olunur və bu ərazilərin tamamilə minalardan təmizlənməsi üçün 25 ilə yaxın vaxt və 60 milyard dollardan artıq sərmayənin tələb olunduğu vurğulanır.
Yazıda hazırda Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifənin dağıdılmış ərazilərin bərpa olunaraq infrastrukturun yenidən bərpa olunmasından ibarət olduğu, orada ağıllı şəhərlərin, yaşıl enerji sahələrinin salınmasının planlaşdırıldığı, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi artıq iki beynəlxalq hava limanının tikildiyi, 700 kilometrdən çox yolun salındığı, məktəblərin, ağıllı kəndlərin açıldığı, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı qeyd olunur, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan və İsrail şirkətləri ilə yanaşı Meksika şirkətlərinin də cəlb edilməsinin mümkünlüyü vurğulanır.
Məqalədə, əhəmiyyətli qaz ehtiyatlarına malik Azərbaycanın həm Gürcüstan, həm də Türkiyə ilə müttəfiq dövlətlər olduğu, ölkəmizin hazırda Avropa üçün çox vacib tərəfdaş olduğu vurğulanır. Bununla yanaşı ölkəmizin “regionda davamlı sülhə” nail olmaq səylərinə sadiqliyi ilə sadəcə Azərbaycana deyil, eyni zamanda Ermənistana və region ölkələrinə fayda gətirə biləcək iri iqtisadi layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd olunur.
Məqalədə həmçinin, Meksika ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi və işgüzar əlaqələrin qurulması üçün potensialın mövcud olduğu qeyd olunur, bu xüsusda Ələt Azad İqtisadi Zonasının xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün səmərəli biznes imkanları təqdim etdiyi vurğulanır.