https://innews.media/uploads/news/2022-12/_innews_8bde1dd3e2db5ca55312b635c_o.jpg
Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor David Kiaramontinin rəhbərlik etdiyi nümayəndə heyəti 29 noyabr-03 dekabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində mühəndislik üzrə akademik proqramları təsis etmək üçün ilkin araşdırma aparmaq olmuşdur.
Səfər boyunca Rektor Hafiz Paşayevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının strateji sektorları və yüksək tələbat olan sahələri üzrə akademik proqramların yaradılması barədə müzakirələr aparılmışdır. Nümayəndə heyəti Kənd Təsərrüfatı Naziri İnam Kərimov ilə yüksək səviyyəli məşvərət aparmışdır. Habelə, Energetika Nazirinin Müavini Elnur Soltanov, Elm və Təhsil Nazirinin Müavini Muxtar Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə dəyirmi masa keçirmişdir. Nümayəndə heyəti İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə də görüşmüş və əməkdaşlığın çərçivəsini müzakirə etmişdir.
Eyni zamanda, bu akademik proqramların yerli əmək bazarının texnoloji və mühəndislik ehtiyacına uyğunlaşdırılması üçün kənd təsərrüfatı, elektrik mühəndisliyi və su mənbələrinin idarə olunması sahəsində fəaliyyət göstərən yerli şirkətlər ilə də məşvərətlər aparılmışdır. Bundan əlavə, AzərEnerjinin dəstəyi ilə elektrik yarımstansiyasına və Kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə tədqiqat institutuna səfərlər edilmişdir.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirmişdir ki, Turin Politexnik Universiteti ilə əməkdaşlıq texnologiya və mühəndislik sahəsində sıçrayışa səbəb olacaq, yüksək tələbatlı sahələrdə mütəxəssislərin yetişməsinə yardım edəcək, ADA Universitetində tədqiqat infrastrukturunun qurulmasına və mühəndislik üzrə araşdırmaçı və akademik heyətin yetişməsinə töhvə verəcəkdir. Bu əməkdaşlıq çəçivəsində təsis ediləcək akademik proqramlara elektrik, bərpa olunan enerji və kənd təsərrüfatı mühəndisliyi, aqromühəndislik, hidravlika mühəndisliyi, su resurslarının idarə olunması kimi proqramlar daxildir. Bu proqramlar Turin Politexnik Universiteti ilə bərabər tədris olunacaqdır.
Nümayəndə heyətinin rəhbəri David Kiaramonti bildirmişdir ki, İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universiteti ilə əməkdaşlıq Turin politexnik universiteti üçün strateji əhəmiyyət daşıyır. 4 gün davam edən bu səfərdə universitetin Enerji, Ekoloji mühəndislik, Kontrol və kompüter mühəndisliyi, Region və şəhərsalma və planlaşdırma, həmçinin İnfrastruktur inkişafı departamentlərinin təmsilçilərindən ibarət böyük nümayəndə heyəti ilə təmsil olunması buna sübutdur. İlkin araşdırma çərçivəsində aparılan intensiv və məhsuldar müzakirələr həm təhsil, həm də tədqiqat sahəsində növbəti illər üzrə fəaliyyət istiqamətlərini müəyyən etmişdir.
Turin Politexnik Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universitetindən sonra ilkin araşdırma məqsədi ilə Azərbaycana səfər edən üçüncü italiyan universitetidir.