https://innews.media/uploads/news/2026-07/_innews_069654bd489c9b6f58d19d837_o.jpg
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Şahmaran” əfsanəsi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya daxili baxış keçirilib.
Baxışda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova, eləcə də tanınmış teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov iştirak ediblər.
Rok müzikl janrında hazırlanmış səhnə əsərinin ideya-bədii həlli, rejissor yozumu, aktyor oyunu, musiqi tərtibatı və səhnə tərtibatı maraqla qarşılanıb. Baxışdan sonra yaradıcı heyətlə geniş fikir mübadiləsi aparılıb, tamaşanın ayrı-ayrı bədii komponentləri ətrafında müzakirələr keçirilib.
Müzakirələr zamanı səsləndirilən rəy və təkliflər yaradıcı kollektiv tərəfindən diqqətlə dinlənilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, “Şahmaran” rok müziklinin libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, rejissor assistenti isə Elməddin Dadaşovdur.
Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.
Səhnə əsərində əsas rolları Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara) və Murad Fərzəliyev (Boz) ifa edirlər.
Tamaşada eyni zamanda teatrın xor və balet truppaları da fəal iştirak edir, səhnə kompozisiyalarının bütövlüyünü və bədii ifadə vasitələrinin zənginliyini təmin edirlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin