https://innews.media/uploads/news/2026-07/_innews_2b4dd9a70fde78b822e7f3de4_o.jpg
2026-cı ilin fevral ayında Birinci Türkoloji Qurultayın 100 illiyinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə ortaq və zəngin irsə malik türk xalqlarının inteqrasiyasına töhfə vermiş tarixi hadisənin əhəmiyyəti bir daha gündəmə gəldi. Sayıb-seçmə türkoloqlar bir araya gələrək, nəhəng imperiya daxilində kəskin rus şovinizminin mövcud olduğu vaxtda “Biz türküz, soyumuz-kökümüz birdir!” – fikir və əməl birliyi ideyası onları bu çağırışla çağdaş Türk dövlətlərinin birliyinə yeni nəfəs qatacaq əzəli məram ətrafında birləşdirdi.
Birinci Türkoloji Qurultayın əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndiylə həmahəng olaraq, Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyinə görə Qurultayın 100 illik yubileyi çərçivəsində “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisi keçirilib. Bütün türk xalqlarının elm və mədəniyyət tarixində mühüm hadisə olmuş Türkoloji Qurultay türk xalqlarını ortaq dil, ortaq mədəniyyət və ortaq tarixi köklərə bağlanan elmi irs ətrafında bir araya gətirərək türk dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərini bərpa etmişdir. Son dövrlər dərinləşən strateji əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin türkologiya elminin inkişafına, eləcə də ortaq köklərə malik elmin, mədəniyyətin qorunması və dünyaya inteqrasiyasına mühüm töhfələr verəcəyi müstəsnadır.
Sərginin əhəmiyyəti qurultayın keçirilmə məqsədilə səsləşir
Ortaq tarixi yaddaşımızın yaşadılmasına xidmət edən layihələrin bir parçasına çevrilən “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı ekspozisiya Milli Azərbaycan Tarixi Muzeyi ilə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ərsəyə gəlib. Müasir muzey yanaşmasilə türk xalqlarının ortaq mədəni köklərini, XIX-XX əsrlərdə həyata keçirilən əlifba islahatlarını, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasətini, yeni türk əlifbası hərəkatını, Birinci Türkoloji Qurultayın fəaliyyətini, 1937-1938-ci illər repressiyalarını, müstəqillik dövrü türk dünyasında yenidən vüsət alan inteqrasiya proseslərini ziyarətçilərə təqdim edir – dəyəri biçiləməz arxiv materialları, fotoşəkillər, sənədlər, muzey eksponatları vasitəsilə. Sərgidə təqdim edilən nadir sənədlər, rəsmi protokollar, dövri mətbuat nümunələri, Tarix Muzeyi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarına məxsusdur. Fotolar Ədalət Tahirzadənin şəxsi kolleksiyasındandır.
Sərginin çıxışlarla rəsmi hissəsinin qısaca təsviri
Açılış nitqi: Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı
Akademik Nailə Vəlixanlı giriş sözündə bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olmaqla yanaşı, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, əlifbası, terminologiyası, toponimikası, etnoqrafiyası və digər sahələr üzrə fundamental məsələlərin elmi əsaslarla araşdırılmasına, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm zəmin yaradıb: “Qurultay iştirakçılarının irəli sürdükləri ideyaların yalnız həmin dövr üçün deyil, bu gün də Türk dünyasının mədəni inteqrasiyasının əsas istiqamətlərindən biri olduğu daha aydın görünür. Əlifba və orfoqrafiya, terminologiya, tədris və metodika, ortaq ədəbiyyat kimi mühüm məsələlər üzrə qəbul edilən qərarlar və irəli sürülən təkliflər bu gün də öz aktuallığını qoruyur”.
Nailə Vəlixanlı vurğulayıb ki, Qurultayın tarixi əhəmiyyətini cəmiyyətə çatdıran belə sərgilər zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının elm və mədəniyyət tarixində mühüm dönüş nöqtəsi olub. Qurultay ortaq dil, mədəniyyət və elm sahəsində əməkdaşlığın möhkəmlənməsinə, türkologiya elminin inkişafına mühüm töhfələr verib. O vurğulayıb ki, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində mühüm mərhələ olmaqla, ortaq dil, mədəniyyət və elmi əməkdaşlıq ideyalarının formalaşmasına təkan verib. Onun sözlərinə görə, “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisi ortaq tarixi yaddaşa və zəngin mədəni irsə ehtiramın ifadəsidir.
Aktotı Raimkulova qeyd edib ki, Fond Qurultayın 100 illiyi münasibətilə il ərzində bir sıra layihələr həyata keçirib. Bunlara Qurultaya həsr olunmuş monoqrafiyanın nəşri, beynəlxalq tədbirlərin, sərgi və simpoziumların təşkili, həmçinin maarifləndirici media layihələri daxildir, bütün bu təşəbbüslər Türk dünyasının ortaq tarixi yaddaşının qorunmasına, zəngin mədəni irsinin təbliğinə, gələcək nəsillərə çatdırılmasına, eləcə də türk dövlətləri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Birinci Türkoloji Qurultayın silsilə tədbirlərinin davamlı layihəsi olan “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Zemfira Hacıyeva da iştirak edib və sonda sərgiyə baxış keçirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin