logo
MSİM “DataRace.ai” platformasında ilk yarışı elan edib

MSİM “DataRace.ai” platformasında ilk yarışı elan edib

MSİM “DataRace.ai” platformasında ilk yarışı elan edib MSİM “DataRace.ai” platformasında ilk yarışı elan edib

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən yaradılan “DataRace.ai” platformasında “Apar Ride” ilə əməkdaşlıq çərçivəsində ilk yarış elan olunub.

MSİM-in bu təşəbbüsü “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” istiqaməti çərçivəsində həyata keçirilir və platformada ümumilikdə 10 yarışın keçirilməsi nəzərdə tutulur. 23 iyul 2026-cı il tarixinə qədər davam edəcək ilk yarış informasiya texnologiyaları, data və süni intellekt sahəsində təhsil alan, çalışan, eləcə də bu istiqamətdə bacarıqlarını real biznes problemi üzərində sınamaq istəyən hər kəs üçün açıqdır. Yarışın ümumi mükafat fondu 6,000 AZN təşkil edir.

“DataRace.ai” platformasının əsas məqsədi süni intellekt və data sahəsində istedadlara real sektorun çağırışları üzərində işləmək imkanı yaratmaqdır. Platforma iştirakçılara nəzəri biliklərini praktikada sınamaq, modellərini real məlumatlar əsasında inkişaf etdirmək və texnoloji həllərini biznes ehtiyaclarına uyğun formalaşdırmaq imkanı verir.

İlk yarış “İstifadəçi rəylərinin təsnifatı” mövzusunda keçirilir. Yarış çərçivəsində iştirakçılar “Apar” platformasında istifadəçilərin gediş sonunda yazdıqları çoxdilli rəyləri avtomatik şəkildə müvafiq şöbələr üzrə yönləndirə bilən təsnifat modelləri hazırlayacaqlar.

Hazırlanacaq model istifadəçi müraciətlərinin operativ təhlilinə, problemlərin daha tez müəyyənləşdirilməsinə və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcək. Eyni zamanda “Apar”ın mikromobillik xidməti olduğunu nəzərə alaraq bu həllin şəhər nəqliyyatının daha rahat və dayanıqlı inkişafına da müsbət təsir göstərəcəyi gözlənilir.

Yarış müddətində iştirakçılar platformaya daxil olaraq öz həllərini təqdim edə, qiymətləndirmə göstəriciləri üzrə nəticələrini izləyə və modellərini təkmilləşdirə bilərlər.

Yarışa qoşulmaq üçün keçid:

https://www.datarace.ai/az/competitions/dfb3fbc0-983c-45d0-ba10-2c3cccc3e22c?utm_source=press_release

Yarış müddəti başa çatdıqdan sonra ən yaxşı nəticə göstərmiş iştirakçıların həlləri MSİM-in süni intellekt mühəndisləri tərəfindən nəzərdən keçiriləcək və yarış qaydalarına uyğun yoxlanılacaq. Bütün mərhələlərdən uğurla keçən ən yaxşı 3 həllin sahibi qalib elan olunacaq və qaliblər geniş ictimaiyyətə açıqlanacaq.

Mükafat fondu aşağıdakı kimidir:

1-ci yer: 3,000 AZN və 1 illik “Apar” abunəliyi;

2-ci yer: 2,000 AZN və 3 aylıq “Apar” abunəliyi;

3-cü yer: 1,000 AZN və 3 aylıq “Apar” abunəliyi.

MSİM süni intellekt sahəsində yerli istedadların inkişafını dəstəkləyən bu kimi təşəbbüsləri davam etdirməyi, real sektorla əməkdaşlıqları genişləndirməyi və Azərbaycanda praktiki süni intellekt bacarıqlarının formalaşmasına töhfə verməyi hədəfləyir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media