https://innews.media/uploads/news/2026-07/_innews_6fae3421c75e57eb628b4ace8_o.jpg
Xalq artisti Miri Yusif Azərbaycan Polisi Günü münasibətilə xalqımızın təhlükəsizliyinin keşiyində dayanan polis əməkdaşları üçün Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış edib.
İyulun 2-də baş tutan konsert sənətçinin ənənəvi beş günlük solo konsert marafonunun ilk günü olub və Azərbaycan polisinə həsr edilib.
Gecə ərzində Miri Yusif illərdir dillər əzbəri olan hitlərini, eləcə də repertuarının ən sevilən mahnılarını canlı ifa edərək tamaşaçılara unudulmaz musiqi axşamı yaşadıb.
Konsertin ən təsirli anlarından biri sənətçinin səhnəyə mərhum atasına məxsus tarla çıxması olub. Xalq artisti “Ata” mahnısını həmin tarın müşayiəti ilə ifa edib. Duyğusal çıxış zalda kövrək anlar yaşadıb və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Miri Yusif gecə ərzində “Sənə qurban” mahnısını da səsləndirib və bu bəstəni həyat yoldaşı Nərgizə həsr etdiyini bildirib.
Bayram ovqatında keçən konserti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları, Vətən uğrunda canından keçmiş şəhid polis əməkdaşlarının ailə üzvləri, hərbçilər və onların ailələri izləyiblər.
Qeyd edək ki, pərəstişkarlarından gələn böyük marağı nəzərə alan Miri Yusif iyulun 3, 4, 5 və 6-da da Yaşıl Teatrın səhnəsində solo konsert proqramları ilə çıxış edəcək. Bununla da sənətçi eyni məkanda beş gün ardıcıl konsert verərək öz rekordunu yeniləyəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin