https://innews.media/uploads/news/2026-06/_innews_3a7bedcb14cac4e26699011d9_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə müxtəlif illərdə universitetin Riyaziyyat, Fizika və Tarix və coğrafiya fakültələrində təhsil almış məzunlarla görüşlər keçirilib.
Görüşlərdə Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunlara universitetdə son illərdə həyata keçirilən yeniliklər, tədris və infrastruktur sahəsində görülən işlər, eləcə də məzunlarla əlaqələrin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.
Daha sonra ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək universitetin son illərdə əldə etdiyi nailiyyətlər, təhsil və elmi fəaliyyət sahəsində aparılan yeniliklər, beynəlxalq əməkdaşlıq imkanları və perspektiv inkişaf istiqamətləri haqqında danışıblar. Çıxışlarda məzunların universitet həyatında mühüm yer tutduğu və onlarla əlaqələrin davamlı saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Görüşlər çərçivəsində məzunlar vaxtilə təhsil aldıqları auditoriyaları ziyarət edib, universitetdə aparılan yeniliklərlə yaxından tanış olublar. Onlar tələbəlik illərinə dair xatirələrini bölüşərək universitetdə qazandıqları bilik və təcrübələrin peşə fəaliyyətlərində mühüm rol oynadığını qeyd ediblər.
Məzunlar həmçinin ADPU-nun elektron kitabxanasında olublar. Kitabxana-İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova kitabxananın fəaliyyəti, elektron resursları, rəqəmsallaşdırma layihələri və istifadəçilərə təqdim olunan müasir informasiya xidmətləri barədə məlumat verib.
Səmimi şəraitdə keçən görüşlərdə Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Tarix və Coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, eləcə də kafedra müdirləri – dosent Sevinc Cəlilova, professor Cahangir Hüseynov, dosent Naibə Əhmədova və professor Rafael Əhmədli çıxış ediblər.
Məzunlar adından Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Əziz Boran və ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının müəllimi dosent Dilbər Əliyeva çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüb, universitetdə olmaqdan məmnunluqlarını ifadə ediblər.
Görüşlər zamanı universitetlə məzunlar arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür tədbirlərin nəsillərarası təcrübə mübadiləsinə, məzun bağlılığının gücləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verdiyi qeyd olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin