https://innews.media/uploads/news/2026-06/_innews_1992a4914bdead9f3dd5bf418_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isveçli rejissor Mikael Silkeberqin müəllifi olduğu “Yaddaşlarda yaşayan vətən” (“The Homeland in Memory”) sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə ADPU rəhbərliyi, Qərbi Azərbaycan İcmasının üzvləri, Milli Məclisin deputatları, professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Təqdimat mərasimində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Qaya Məmmədov və Rizvan Nəbiyev, eləcə də filmin rejissoru Mikael Silkeberq çıxış edərək ekran əsərinin Qərbi Azərbaycanın zəngin mədəni irsinin, adət-ənənələrinin, ədəbiyyatının, incəsənətinin, milli geyim və mətbəx nümunələrinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda bildirilib ki, sənədli film tarixi-mədəni yaddaşın qorunması, gələcək nəsillərə ötürülməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm mənbələrdən biri olacaqdır. Bildirilib ki, İsveçli rejissor Mikael Silkeberqin çəkdiyi 55 dəqiqəlik “Yaddaşlarda yaşayan vətən” sənədli filmi Skandinaviya ilə Azərbaycan arasında uzanan mədəni və tarixi bağları araşdıraraq yaddaşın coğrafi sərhədlərdən kənarda milli kimliyi necə qoruduğunu nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycanın İsveç Krallığındakı səfriliyinin sifarişi əsasında çəkilmiş sənədli filmin əsas ideyası Qərbi Azərbaycanı yaddaş vasitəsilə yaşadılan mədəni məkan kimi təqdim etməkdir. Arxiv xəritələri, tarixi mənbələr və müxtəlif şahid ifadələri vasitəsilə göstərilir ki, bəzi coğrafiyalar yalnız siyasi sərhədlərlə deyil, insanların kollektiv yaddaşı və mədəni şüuru ilə yaşayır. Film İsveçdə, Uppsala Universitetinin kitabxanasında qorunan XVII əsrə aid nadir əlyazmanın təqdimatı ilə başlayır. Azərbaycan dilinə edilmiş erkən İncil tərcümələrindən biri hesab olunan bu əlyazma əsrlər boyu uzaq məsafələrdə yaşadılan mədəni yaddaşın simvolu kimi təqdim edilir. Daha sonra filmdə Stokholmda isveçli tarixçi və yazıçı Bengt Yanqfeldtlə görüş əks olunur, Nobel qardaşlarının Bakıda fəaliyyəti və Azərbaycan-İsveç əlaqələrinin tarixi məqamları haqqında məlumat verilir.
Filmdə Qərbi Azərbaycanın zəngin mənəvi irsi xüsusi yer tutur. Bu irsin ən parlaq ifadəsi kimi aşıq sənəti təqdim edilir. Poeziya, musiqi və dastançılığın vəhdətindən yaranan aşıq ənənəsinin görkəmli nümayəndəsi, Göyçə mahalında dünyaya göz açmış Aşıq Ələsgərin yaradıcılığı filmin əsas xəttlərindən birini təşkil edir. Onun şeirlərində yaşadılan təbiət mənzərələri, duyğular və mənsubiyyət hissi doğma yurdun yaddaşlarda qorunub saxlanılmasının nümunəsi kimi təqdim olunur. Saz, balaban və zurnanın sədaları, eləcə də yallı kimi xalq rəqsləri mədəni yaddaşın canlı daşıyıcıları olaraq ekrana gətirilir. Ekran əsərində həmçinin kimliyin ədəbiyyat və təsviri sənət vasitəsilə necə qorunduğu araşdırılır. Bakının mədəniyyət müəssisələrində mühafizə olunan əlyazmalar, poeziya nümunələri və sənət əsərləri unudulmağa qarşı dayanan mədəni xəritə kimi təqdim edilir. Klassik ədəbi irsdən Mirzə Qədim İrəvaninin bədii yaradıcılığına qədər uzanan zəngin mədəni irs tarixi davamlılığın mühüm göstəricisi kimi dəyərləndirilir. Filmdə maddi mədəniyyət nümunələrinə də geniş yer ayrılıb. İrəvan xalça qrupuna aid xalçalar tarix, məişət və dünyagörüşünün izlərini yaşadan kodlaşdırılmış arxivlər kimi təqdim olunur. Bununla yanaşı, Qərbi Azərbaycanın milli geyimləri, xalq sənətkarlığı nümunələri və kulinariya irsi haqqında məlumat verilir, ənənəvi yeməklərin hazırlanması prosesi nümayiş etdirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin