https://innews.media/uploads/news/2026-06/_innews_164ce552f21e461751007fa18_o.jpg
9 iyun 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Böyük zalında fortepiano şöbəsinin "Fənn Birləşmə Komissiyası" sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın tələbələrinin iştirakı ilə konsert keçirildi.
Konsertdə kollecin tələbələri ilə yanaşı, bu təhsil ocağının məzunları olmuş və hazırda ali təhsil müəssisələrində təhsil alan gənc musiqiçilər də çıxış etdilər. Tədbirdə müəllim və tələbə heyəti iştirak edirdi.
Konsertin məqsədi il ərzində hazırlanmış proqramı dinləyicilər qarşısında təqdim etməklə tələbələrin ifaçılıq səviyyəsini və səhnə mədəniyyətini inkişaf etdirmək idi.
Proqram müxtəlif dövrlərə aid bəstəkarların əsərlərindən ibarət olub, solo və duet nömrələrini əhatə edirdi. Proqramda F. List, M. Qlinkanın “Javoronok” romansının M. Balakirev tərəfindən fortepiano üçün işləməsi, S. Raxmaninovun sol minor prelüdiyası, A. Məlikovun “Təzadlar” əsəri, həmçinin S. İbrahimova, F. Əmirov, T. Quliyev və Ü. Kazımovanın əsərləri səsləndirildi.
İfaçılar sırasında N. Muradzadə, Z. Məmmədova, A. İbrahimli, N. Quliyeva və digər tələbələr yer almışdılar. Konsert iştirakçılarının əksəriyyəti müxtəlif respublika və beynəlxalq müsabiqələrin laureat və diplomantlarıdır.
Ülviyyə Kazımova özünün müəllifi olduğu “Perpetuum mobile” əsərini tələbəsi Gülsarə Bağırova ilə birlikdə ifa etdi.
Konsert proqramı klassik və müasir musiqi nümunələrini özündə birləşdirərək iştirakçıların ifaçılıq imkanlarını nümayiş etdirdi. Tədbir dinləyicilər tərəfindən maraqla qarşılandı və gənc musiqiçilərin peşəkar inkişafında mühüm mərhələ kimi dəyərləndirildi.
Dinləyicilərin xahişi ilə konsertin sonunda Ülviyyə Kazımova son dövrlərdə pianoçunun ifasında böyük maraqla qarşılanan C. Allahverdiyevin “Əbədi sevgi” əsərini səsləndirdi.
Tədbir jazzla məşğul olan tələbələr Cavidan və Siyasətin ifasında təqdim olunan kompozisiyası ilə yekunlaşdı.
Ən son xəbərləri səhifəmizdən də izləyin