https://innews.media/uploads/news/2026-06/_innews_daa8a0e0f7aba2bef2a5b421e_o.jpg
Sumqayıt şəhərində Ümumdünya Velosiped Günü münasibətilə genişmiqyaslı veloyürüş baş tutub. Aksiyanın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzini, ekoloji düşüncəni və aktiv vətəndaş mövqeyini təbliğ etmək, həmçinin şəhərdə velosiped mədəniyyətinin inkişafına töhfə vermək olub.
"Sağlam Düşüncə" Gənclər Təşkilatının baş tutan növbəti uğurlu layihəsi çərçivəsində Sumqayıt küçələri 80-ə yaxın velosipedçini bir araya gətirib. Bu kütləvi idman tədbiri şəhər mühitində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsinə və daha sağlam gələcəyin təşviqinə yönəlmiş mühüm bir addımdır.
Təşkilatçılar bildiriblər ki, bu yürüş yalnız müəyyən marşrutun qət edilməsi deyil, eyni zamanda ətraf mühitə qayğıya, şəhər məkanlarının daha əlçatan və yaşana bilən olmasına yönəlmiş ortaq bir çağırış xarakteri daşıyır. Tədbirə qatılan iştirakçıların yüksək fəallığı ölkəmizdə sağlam və ekoloji cəhətdən məsuliyyətli cəmiyyət qurmaq istəyən gənclərin sayının sürətlə artdığını növbəti dəfə sübut edib.
"Sağlam Düşüncə" Gənclər Təşkilatı layihənin yüksək səviyyədə həyata keçirilməsinə göstərdiyi dəyərli dəstəyə görə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə, eləcə də öz enerjisi və həvəsi ilə tədbirə xüsusi rəng qatan bütün iştirakçılara dərin minnətdarlığını bildirir.
Təşkilat hər kəsi daha yaşıl küçələr, sağlam gələcək və aktiv şəhər mədəniyyəti naminə birgə addımlamağa dəvət edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin