https://innews.media/uploads/news/2026-06/_innews_026e3a4fa3018beda6d0f3b9f_o.jpg
2026-cı il iyunun 2-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almatı vilayətinə işgüzar səfəri çərçivəsində Alatau şəhərinin inkişafına həsr olunmuş müşavirədə çıxış edib. Prezident çıxışı zamanı “Qanun və Qayda” siyasəti, “Təzə Qazaxıstan” konsepsiyası, ictimai təhlükəsizlik, ekoloji mədəniyyət və vətəndaş məsuliyyəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Tokayev bildirib ki, qanuna və ictimai qaydalara hörmət -- cəmiyyətin inkişafının əsas şərtlərindən biridir. Prezidentin sözlərinə görə, “Qanuna və Qayda-Qanuna hörmət – hər şeydən əvvəl, yüksək məsuliyyət hissinə malik vətəndaşlara xas olan xüsusi bir xüsusiyyətdir”.
Bu fikir Qazaxıstan rəhbərinin dövlət idarəçiliyində yalnız inzibati mexanizmlərə deyil, həm də vətəndaş şüuruna və milli məsuliyyət hissinə böyük önəm verdiyini göstərir.
Prezident çıxışında “Təzə Qazaxıstan” konsepsiyasına ayrıca toxunaraq şəhərlərin və kəndlərin abadlaşdırılması, ərazilərin yaşıllaşdırılması və ekoloji mədəniyyətin yüksəldilməsinin vacibliyini vurğulayıb. Tokayev hesab edir ki, təbiətin qorunması və ictimai məkanlarda nizam-intizamın təmin olunması müasir dövlətçilik anlayışının ayrılmaz hissəsidir. O, xüsusilə turizm zonalarında və təbiətdə vətəndaş davranışlarına diqqət yetirilməsinin vacib olduğunu qeyd edib.
Qazaxıstan lideri vandalizmə və hüquqi nihilizmə qarşı sərt mübarizənin zəruriliyini də diqqətə çatdırıb. Onun fikrincə, qanun pozuntularına qarşı prinsipial mövqe nümayiş etdirilməli, ictimai təhlükəsizlik daim qorunmalıdır. Tokayev vurğulayıb ki, planetdə davam edən hərbi münaqişələr və beynəlxalq gərginlik fonunda Qazaxıstan üçün ən vacib məsələlərdən biri sülh və sabitliyin qorunmasıdır. Çünki yalnız sabitlik şəraitində islahatlar həyata keçirmək və ölkənin inkişafını təmin etmək mümkündür.
Prezident çıxışında bəzi dairələrin Qazaxıstanda tətbiq olunan hüquqi tədbirləri tənqid etməsinə də münasibət bildirib. O qeyd edib ki, ictimai təhlükəsizlik və asayiş xalqın əsas tələblərindən biridir və dövlət bu istiqamətdə qətiyyətli siyasətini davam etdirəcək. Tokayevin sözləri göstərir ki, o, qanunun aliliyinə əsaslanan güclü dövlət modeli qurmağa çalışır.
Bütün bunlar bir daha sübut edir ki, Qasım-Jomart Tokayev öz xalqını sevən, ölkəsinin gələcəyini düşünən və Qazaxıstanın daha təhlükəsiz, sabit və inkişaf etmiş dövlətə çevrilməsi üçün çalışan siyasi liderdir. Onun səsləndirdiyi fikirlər yalnız bugünkü problemlərin həllinə deyil, həm də gələcək nəsillər üçün daha güclü və məsuliyyətli cəmiyyət formalaşdırmağa hesablanıb. Məhz buna görə də Tokayevin “Qanun və Qayda” çağırışı Qazaxıstanın gələcək inkişaf yolunda mühüm siyasi və mənəvi mesaj kimi qiymətləndirilir.
Müəllif: Qəvami Sadıqbəyli, Azərbaycan
Ən son xəbərləri səhifəmizdən də izləyin