https://innews.media/uploads/news/2026-05/_innews_acd60c067c3a253ca03d21dfb_o.jpg
Mütaliə mədəniyyətini yeni nəsil yanaşma ilə canlandıran və rəqəmsal asılılığa qarşı intellektual alternativ təqdim edən “Offline” Kitab Klubunun fəaliyyətə başlamasının bir ili tamam olur.
Yarandığı ilk gündən kitaba marağın artırılmasını və mütaliə vərdişlərinin kütləviləşməsini əsas götürən icma bu bir il ərzində daimi kitab müzakirələri təşkil edərək, onlarla gənci bir araya gətirib. Bu kitab müzakirələri mütaliə vərdişlərinin təşviqi ilə yanaşı, gənclərə səmimi canlı ünsiyyət və azad fikir mübadiləsi platforması da təqdim edir. Bakıda başlayan bu oflayn dalğa o hazırda Polşa və Almaniyada da aktiv fəaliyyət göstərir, Avropadakı azərbaycanlı kitabsevərləri də bir araya gətirir.
Klubun maraqlı cəhətlərindən biri onun çoxşaxəli strukturudur. Belə ki, klub daxilində uşaqlar üçün də ayrıca mütaliə və müzakirə platforması fəaliyyət göstərir. Bu, həm gələcək nəslə mütaliə sevgisini aşılamaq, həm də onların öz fikirlərini sərbəst ifadə etməsi üçün olduqca əhəmiyyətlidir.
Bundan əlavə, “Offline” Kitab Klubu daxilində korporativ kitab klubu da fəaliyyət göstərir ki, bu da peşəkarlara şəbəkələşmə imkanı yaradır, eyni zamanda biznes sektorunun da mütaliə hərəkatına inteqrasiyasını təmin etməyi hədəfləyir. Şirkətləri bu prosesə fəal şəkildə qoşmağa çalışan icma korporativ mühitdə kitab oxumağı təşviq etməklə komandaların daxili kommunikasiyasını və intellektual kapitalını gücləndirməyi hədəfləyir.
İcma yaradıcıları bildirir ki, texnologiya bizi nə qədər sürətlə irəliyə aparsa da, insanın səmimi, sakit bir söhbətə, fikir mübadiləsinə olan ehtiyacı heç vaxt dəyişmir.
Bir ili uğurla geridə qoyan “Offline” Ktab Klubu növbəti mərhələdə həm fərdi, həm də korporativ səviyyədə mütaliə dalğasını daha geniş kütlələrə yaymağı planlaşdırır.
Ən son xəbərləri səhifəmizdən də izləyin