https://innews.media/uploads/news/2026-05/_innews_13590589d6fad04f2c5a1c64a_o.jpg
Beynəlxalq səviyyədə tanınan bu mədəni platforma uzun illər ərzində formalaşmış ənənəvi xüsusiyyətlərini qoruyub saxlamışdır. Layihənin əsas məqsədi xalqlar arasında dialoqu genişləndirmək, müxtəlif ölkələrin tarixi-mənəvi sərvətlərini, kulinariya nümunələrini və etnik adətlərini hərtərəfli şəkildə tanıtmaqdan ibarətdir. Eyni zamanda, festival xeyriyyə yönümlü təşəbbüs kimi həyata keçirilir; tədbir çərçivəsində toplanan vəsait Özbəkistandakı sosial və mərhəmət müəssisələrinə, xüsusi ehtiyacı olan qruplara yönəldilərək festivalın sosial məsuliyyət missiyasını yerinə yetirir.
Festivalın təntənəli açılış mərasimində Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev, Diplomatik Xidmət Servisinin baş direktoru Oybek Egamberdiyev və 20-dən artıq diplomatik nümayəndəliyin təmsilçiləri iştirak etmişlər. Mədəni proqram çərçivəsində hər bir ölkə öz milli mətbəxini, geyim ənənələrini, musiqi və rəqs nümunələrini geniş şəkildə nümayiş etdirmişdir.
Bu ildə ənənəvi olaraq Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etmişdir. Mərkəzin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ziyarətçilərə ölkəmizin ənənəvi kulinariya nümunələri təqdim olunmuşdur; bunlar arasında Şah plov, dolma, qutab, dovğa, eləcə də milli şirniyyatlar paxlava və şəkərbura xüsusilə diqqətə çatdırılmışdır.
Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblı öz rəqs nömrələrini təqdim etmiş, “Xarıbülbül” teatr truppası isə musiqi nümunələri ilə çıxış etmişlər. Ziyarətçilərə həmçinin Qərbi Azərbaycanın qədim memarlıq nümunələrini əks etdirən sərgi təqdim olunmuş, ekspozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgi çərçivəsində İrəvanın tarixən Azərbaycanın qədim şəhərlərdən biri olduğu barədə məlumatlar da ziyarətçilərin diqqətinə çatdırılmışdır.
Beləliklə, “XXII Beynəlxalq mədəni ənənələr və milli yeməklər xeyriyyə festivalı” yalnız kulinariya nümunələrinin nümayişi ilə məhdudlaşmamış, xalqlar arasında qarşılıqlı hörmətin, mədəni yaxınlığın və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
Azərbaycan guşəsi tədbirin ən çox maraq doğuran bölmələrindən biri olmuş və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülmüşdür.
Tədbir həmçinin Azərbaycan və Özbəkistan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirərək, iki xalqın mədəni-humanitar əlaqələrinin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynamışdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin