https://innews.media/uploads/news/2026-05/_innews_d04a03e315d5fb8e6d4487008_o.jpg
Daşkənddə yerləşən Daşkənd Oriental Universitetində “Şərq filologiyasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirin proqramı Şərq filologiyasının müxtəlif istiqamətlərini, klassik mətnlərin tədqiqini, tarixi dillərin öyrənilməsini və mədəni-fəlsəfi irsin müasir elmi yanaşmalar əsasında araşdırılmasını əhatə etmişdir. Konfransda Özbəkistan, Türkiyə, İran, Koreya, Yaponiya və Misirdən alimlər, professorlar və tədqiqatçılar iştirak etmişlər. Konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak etmiş, türk xalqlarının ortaq ədəbi-mədəni irsinin elmi müstəvidə təşviqi, humanitar əməkdaşlığın genişləndirilməsi və mədəni dialoqun dərinləşdirilməsi istiqamətində müzakirələrdə fəal mövqe sərgiləmişdir.
Konfransın açılış mərasimində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli türk xalqları arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, belə tədbirlər yalnız filoloji tədqiqatların inkişafına deyil, eyni zamanda türk xalqlarının ortaq mədəni irsinin qorunmasına, sistemli şəkildə öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Çıxış zamanı diqqətə çatdırılmışdır ki, cari il türk dünyasının mədəni və elmi həyatı baxımından əlamətdar dövrlərdən biri kimi səciyyələnir. Xüsusilə, Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə keçirilən tədbirlər Şərq fəlsəfəsi və klassik poetik ənənələrin yenidən elmi müstəviyə çıxarılmasına mühüm töhfə vermişdir. Bununla yanaşı, universitetdə “Xaqani Şirvani adına Türkologiya Tədqiqatları Auditoriyası”nın fəaliyyətə başlamasının da türkoloji araşdırmaların inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdur.
Məruzədə tarixi-mədəni kontekstdə vurğulanmışdır ki, türk xalqlarının ortaq mənəvi irsinin formalaşmasında Mahmud Kaşğari, Yusuf Balasaqunlu, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Məhəmməd Füzuli və Abay Kunanbayev kimi görkəmli şəxsiyyətlərin rolu mühüm olmuşdur. Qeyd edilmişdir ki, onların yaradıcılığı yalnız dövrünün ədəbi-estetik düşüncəsini zənginləşdirməmiş, həm də türk xalqlarının ortaq dil, mədəniyyət və mənəvi dəyərlərinin qorunub saxlanılmasına mühüm təsir göstərmişdir.
Konfrans çərçivəsində aparılan müzakirələr klassik irsin müasir elmi metodologiyalar əsasında yenidən tədqiqinin aktuallığını nümayiş etdirmiş, yeni elmi təşəbbüslərin formalaşdırılması üçün əlverişli platforma yaratmışdır. Tədbir, xüsusilə gənc tədqiqatçılar üçün beynəlxalq akademik mühitdə elmi təcrübə qazanmaq, fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıqlar qurmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin