logo
Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Prezident İlham Əliyev cənablarının sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə bir daha göstərdi ki, respublikamızda aqrar sektorun davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Belə bir müşavirənin keçirilməsi, möhtərəm Prezidentin toxunduğu məsələlər, verdiyi mesajlar, qarşıya qoyduğu vəzifələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində, ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan sahə kimi xüsusi diqqət mərkəzindədir. 

Ümumiyyətlə, Azərbaycanın son onilliklərdə keçdiyi sürətli inkişafda aqrar sferanın xüsusi payı var. Müşavirədə bu barədə ətraflı bəhs edildi. Məlum olduğu kimi Prezident İlham Əliyevin hələ respublikamıza rəhbərliyinin ilk vaxtlarından qarşıya qoyduğu prioritet vəzifələrdən biri kənd təsərrüfatının inkişafının sürətləndirilməsi ilə bağlı olub. İndiyədək həyata keçirilən islahatlarda, qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair bütün dövlət proqramlarında kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının bir sıra vergilərdən azad olunması, fermer və sahibkarlar üçün güzəştli kredit mexanizmlərinin yaradılması, subsidiya sisteminin tətbiqi, lizinq yolu ilə müasir texnikaların verilməsi aqrar sektorun inkişafına ciddi təkan verib. 2005–2025-ci illərdə ümumilikdə 96 mindən çox kənd təsərrüfatı texnikasının lizinqə verilməsi, gübrə və toxum təminatının yaxşılaşdırılması, əkin sahələrinin becərilməsi üçün yanacaq subsidiyalarının ayrılması kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə mühüm təsir göstərib. Yeni su anbarlarının tikilməsi, meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynayıb.

Prezident İlham Əliyev aqrar sahənin ayrı-ayrı istiqamətləri, məsələn, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və baramaçılıqla bağlı ayrıca dövlət proqramlarını da təsdiq edib, ölkənin aqrar siyasətinin əsas məqsədlərinin daxili tələbatın və ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi, kənd təsərrüfatı məhsullarının ixracının təmin edilməsi kimi məsələlər olduğunu önə çəkib. Dövlət başçısı Nazirlər Kabinetinin iclaslarında, müşavirələrdə, KİV-ə müsahibələrində bu məsələlərə xüsusi toxunub, aqrar bölmənin inkişafı ilə bağlı mühüm sənədlər imzalayıb. Bütün bunlar aqrar sahənin inkişafı üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və kənd təsərrüfatı məhsulları istehsalının artımına yol açıb.  Təkcə son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı real olaraq 37,8 faiz artıb, o cümlədən bitkiçilik məhsulları istehsalı 48,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 29,6 faiz yüksəlib.

Lakin bununla belə müşavirədə Prezident İlham Əliyevin dediyi kimi, kənd təsərrüfatı istehsalında dinamika qaneedici deyil. Dövlətimizin başçısı bunun səbəblərini də açıqladı:

“Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.

Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi bir sıra rəqəmlər də düşündürücüdür. Azərbaycan bir çox kənd təsərrüfatı məhsulları üzrə daxili tələbatı tam ödəmək imkanına malikdir.  Ölkəmizin münbit torpaqları, əlverişli iqlimi və zəngin təbii resursları buna geniş şərait yaradır. Buna baxmayaraq, bəzi məhsullar üzrə mövcud göstəricilər qənaətbəxş hesab edilə bilməz. Xüsusilə müşavirədə buğda istehsalının daxili tələbatın cəmi 55 faizini qarşılaması ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirildi. Dövlət başçısının da qeyd etdiyi kimi bu, qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. Onu da nəzərə almalıyıq ki, buğda strateji məhsul olmaqla, ərzaq təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir.

Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafı, innovativ yanaşmaların tətbiqi, özəl sektorun kənd təsərrüfatının inkişafında daha yaxından iştirakı, aqrar sahəyə güzəştli kreditlərin ayrılması, bu sferaya xarici sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə, suvarma məsələləri xüsusi yer tutdu. Bütün bunlar təsdiq edir ki, Azərbaycan aqrar sahədə daha təkmil inkişaf xətti həyata keçirməklə, həm daxili tələbatın daha etibarlı təminatına, həm də ixrac potensialının genişləndirilməsinə nail olmağı qarşıya məqsəd qoyub. Bu məsələlər Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanan Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabət qabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Proqramda deyilir:

“Qlobal ərzaq bazarlarında qeyri-sabitlik və təchizat zəncirlərində risklərin artması daxili ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini strateji zərurətə çevirmişdir. Bununla yanaşı, aqrar istehsalda yüksək əlavə dəyər yaradan emal və ixracyönümlü fəaliyyətin stimullaşdırılması, fermerlərin maliyyə resurslarına və müasir texnologiyalara çıxışı imkanlarının artırılması, aqrar-elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi, eləcə də kənd yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alır”.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər və təsdiq etdiyi Dövlət Proqramı Azərbaycanda aqrar sahənin inkişafında artıq yeni mərhələnin başlanmasından xəbər verir. Dövlət Proqramı həm də yeni  mərhələnin yol xəritəsidir.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sahənin inkişafı müasir çağırışlardan irəli gələrək, yeni və daha təkmil mərhələyə qədəm qoyur. Dövlət başçısının müəyyən etdiyi strateji kurs nəticəsində qarşıdakı illərdə kənd təsərrüfatında məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə ediləcək. O cümlədən aqrar sahədə özəl sektorun da yaxından iştirakı ilə müasir texnologiyaların və yanaşmaların tətbiqi genişlənəcək, kəndlərdə məşğulluq imkanları çoxalacaq. Ən əsası, bu siyasət Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə,  respublikamızın ərzaq təhlükəsizliyinin daha güclü formada təmin edilməsinə qarşıdakı dövrdə mühüm töhfələr verəcək.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media