https://innews.media/uploads/news/2026-05/_innews_6f49250f8f437a69e2e8fc452_o.jpg
Azərbaycanın tanınmış opera müğənnisi, Əməkdar artist Gülüstan Əliyeva beynəlxalq musiqi arenasında növbəti uğuruna imza atıb.
Dəyərli sənətkarımız Daşkənd şəhərində keçirilən Ənənəvi Musiqi və Rəqs Beynəlxalq Şurasının (ICTMD) Türk xalqlarının araşdırmaları bölməsinin 10-cu beynəlxalq simpoziumunda Azərbaycan muğam məktəbinin inkişafı və tədrisinə dair müəllim-şagird münasibətlərindən bəhs edən geniş məruzə ilə çıxış edib.
Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülüstan Əliyeva türkdilli ölkələrin konservatoriyalarında muğam tədrisi, müəllim-şagird münasibətləri və milli ifaçılıq ənənələrinə həsr olunan elmi çıxışı ilə iştirakçıların böyük marağına səbəb olub. Onun Azərbaycan musiqisinin zəngin irsi, muğamın mənəvi-estetik dəyərləri və milli ifaçılıq məktəbi ilə bağlı fikirləri beynəlxalq konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Mötəbər tədbirdə müxtəlif ölkələrdən alimlər, musiqişünaslar, incəsənət xadimləri və tədqiqatçılar iştirak ediblər. Qonaqlar arasında simpozium təşkilat komitəsinin sədri Abdullah Akat, Saşar Zərif, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynova ilə yanaşı Azərbaycan Milli Konservatoriyasının rektor və professoru Kamilə Dadaşzadə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə təmsil ediblər.
Konfrans çərçivəsində nümayiş etdirən yüksək sənətkarlıq və Azərbaycan mədəniyyətinin beynəlxalq təbliğindəki xidmətlərinə görə Gülüstan Əliyeva ICTMD komitəsinin sədri Abdullah Akat tərəfindən xüsusi mədəniyyət sertifikatı ilə təltif olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin