https://innews.media/uploads/news/2026-05/_innews_ea463052c6603cd73ec1503b3_o.jpg
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi “Buratino” (Aleksey Tolstoy) nağıl-tamaşası ilə Sumqayıtda teatrsevərlərin görüşünə gələcək.
Mayın 30-da saat 12:00 və 14:30-da Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində nümayiş olunacaq tamaşa şən musiqilər, rəngarəng işıq effektləri, aktyor və balet artistlərinin maraqlı çıxışları ilə təkcə balacaları deyil, onu izləyən hər kəsi nağıllar aləminə aparacaq.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, tərcüməçisi Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri isə Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
2019-cu ildən teatrın repertuarında olan səhnə əsərinin budəfəki nümayişində teatrın aktyorları – Zaur Əliyev (Buratino), Emin Zeynallı (Papa Karlo), Ofeliya Novruzqızı (Tülkü Alisa), Elnarə Nağdəliyeva (Artemon), Gülçöhrə Abdullayeva (Tartilla), Hüseyn Əlili (Pyero), Nərmin Əliyeva (Malvina və Cırcırama), Ruslan Mürsəlov (Pişik Bazilio), Cəbrayıl Cəbrayılov (Karabas-Barabas), Mehriban Rəcəbova (Qurbağa Bubi) və balet artistləri çıxış edəcəklər.
Biletləri Bakı və Sumqayıt şəhərlərinin mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, həmçinin iTicket.az saytından əldə etmək mümkündür.
Ən son xəbərləri səhifəmizdən də izləyin