https://innews.media/uploads/news/2026-05/_innews_11c6056b889373419fdbcbfbd_o.jpg
Neftçala rayonunda 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə nərə cinsindən olan 2 min balıq körpəsinin Xəzər dənizinə buraxılması aksiyası keçirilib.
“innews media” xəbər verir ki, aksiya Kənd Təsərrüfatı Nazirliyi, Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, “Azerbaijan Fishfarm” MMC, “Azvarvara” MMC və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Nazir müavini bildirib ki, 2025-ci ildə Azərbaycanda Axar-Baxar və İlisu Milli Parklarının yaradılması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 913 min hektara çatdırılıb. Hazırda ölkədə 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Vüqar Kərimov qeyd edib ki, xüsusi mühafizə olunan təbiət əraziləri hazırda ölkə ərazisinin 10,5 faizini təşkil edir. Onun sözlərinə görə, 2030-cu ilə qədər bu göstəricinin 12 faizə çatdırılması hədəflənir.
Çıxışlarda Xəzər dənizinin su bioresurslarının qorunması, nadir balıq növlərinin populyasiyasının artırılması və ekoloji tarazlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edilib ki, bu aksiya həm ekoloji maarifləndirmə, həm də ölkədə bioloji müxtəlifliyin qorunmasına yönəlmiş fəaliyyətlərin davamı baxımından mühüm əhəmiyyət daşıyır.
Ən son xəbərləri səhifəmizdən də izləyin