https://innews.media/uploads/news/2026-05/_innews_65f6f7af07087a2372b7291b3_o.jpg
Mayın 22-də Neftçala şəhərində Bioloji Müxtəliflik üzrə Beynəlxalq Günə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu il Beynəlxalq Gün “Qlobal təsir üçün yerli fəaliyyət” devizi altında qeyd olunur və biomüxtəlifliyin qorunması istiqamətində yerli təşəbbüslərin qlobal əhəmiyyətini ön plana çıxarır.
Nazir qeyd edib ki, biomüxtəlifliyin azalması, ekosistemlərin deqradasiyası və təbii resurslardan qeyri-səmərəli istifadə hazırda beynəlxalq ictimaiyyət qarşısında duran əsas çağırışlardan biridir. Onun sözlərinə görə, biomüxtəliflik insanların rifahı, ərzaq təhlükəsizliyi, iqlim sabitliyi və dayanıqlı sosial-iqtisadi inkişaf baxımından mühüm rol oynayır.
Məcnun Məmmədov vurğulayıb ki, balıq və digər su bioresursları biomüxtəlifliyin mühüm tərkib hissəsidir və ərzaq təminatı, məşğulluq, kənd yerlərinin inkişafı, ekoloji tarazlıq və iqtisadi fəaliyyət baxımından strateji əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, dəniz, çay, göl və digər su hövzələrində bioloji müxtəlifliyin qorunması balıq ehtiyatlarının dayanıqlı idarə olunması ilə birbaşa bağlıdır. Bu istiqamətdə su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qeyri-qanuni ovçuluğun qarşısının alınması və akvakulturanın ekoloji baxımdan davamlı inkişafı əsas prioritetlər sırasındadır.
Çıxış zamanı bildirilib ki, Azərbaycan biomüxtəlifliyin mühafizəsi sahəsində beynəlxalq öhdəliklərə uyğun olaraq ardıcıl tədbirlər həyata keçirir. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət nəticəsində balıqçılıq və akvakultura üzrə dövlət siyasəti məqsədyönlü şəkildə davam etdirilir.
Nazir diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, balıqartırma, balıq mühafizəsi və maarifləndirmə istiqamətində mühüm işlər görülür.
Məcnun Məmmədov əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu gündən başlayaraq ay ərzində Xəzər dənizinin Azərbaycana aid hissəsinə 150 min nərə balığı körpəsinin buraxılması nəzərdə tutulur. Növbəti aylarda isə bu sayın 500 minə çatdırılması planlaşdırılır.
Bununla yanaşı, payız aylarında 50 min qızılbalıq körpəsinin yetişdirilərək ölkədaxili su hövzələrinə buraxılmasının nəzərdə tutulduğu bildirilib.
Nazir çıxışının sonunda biomüxtəlifliyin qorunmasının yalnız ekoloji və aqrar məsələ olmadığını, eyni zamanda gələcək nəsillər qarşısında mühüm məsuliyyət daşıdığını vurğulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin