https://innews.media/uploads/news/2026-05/_innews_b6bfb63350f34cf44e74c7d19_o.jpg
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Azərbaycanın ilk görkəmli qadın şairi, şahmatçı, musiqiçi və bəstəkarı, lirik rübailəri ilə Şərq poeziyasında özünəməxsus yer tutan Məhsəti Gəncəvinin rübailəri təqdim olunur.
XII əsr Azərbaycan şairi Məhsəti Gəncəvinin həyatı haqqında məlumat azdır. Məhsəti Gəncəvinin heç bir şəkli saxlanılmayıb, onun həyatı haqqında tam məlumat, bütün yaradıcılığı bizə çatmayıb. Məhsəti Gəncəvinin 257 rübai və 30-a yaxın şeir parçası çap olunub.
Şairin həyat və yaradıcılığını öyrənənlər məlumatları əlyazması Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan XIII əsrə aid “Məhsəti və Əmir Əhməd” dastanından alırlar. Dastanda Məhsəti Gəncəvinin çoxlu sayda rübailəri var.
Dahi şairimiz Nizami Gəncəvi müasiri olan şair Məhsəti Gəncəvini rübailərin ustadı kimi dəyərləndirmişdir. Həyatı əziyyətli və məşəqqətli keçən xanım şairi sürgündən Nizami Gəncəvinin səyi ilə azad etmək mümkün olmuşdur.
Bu dünya bir qızıl kuzəyə bənzər
Suyu gah şirindir, gah da ki, şəkər.
Çox da öyünmə ki, uzundur ömrün
Əcəl köhlənində hazırdır yəhər.
Məhsəti Gəncəvi rübailərində dövrünün ağrıları, hökmdarların ədalətsizliyi əksini tapmışdır. Xalqın dərdini, haqsızlığı rübailərində tərənnüm edən şairin yazdıqları Gəncənin şair və musiqi məclislərinin bəzəyi olmuşdur.
Çəkdim necə qəm, gör ki, sənin hicrindən,
Bir dost olub ağladı mənə hər düşmən.
Nizami Gəncəvi Məhsəti Gəncəviyə dəyər verib və ömrünün eytiyaclı vaxtından son nəfəsinədək onu evində saxlamışdı.
Məhsəti Gəncəvinin rübailəri, insan azadlığı, məhəbbət, təbiət gözəllikləri və humanizm mövzularında yazdığı dörd misralıq şeirlərdir. Bu rübailər səmimiyyəti, cəsarəti və yüksək bədii dili ilə seçilərək Şərq poeziyasının inciləri sayılır. Məhsəti Gəncəvi rübailərinin əsas xüsusiyyətləri məhəbbət, gözəllik və insan taleyidir. Onun yaradıcılığı bir çox dünya dillərinə, o cümlədən ingilis, italyan, alman və fransız dillərinə tərcümə olunub.
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda şairin rübailərindən bir neçəsini səsləndirir. Sözləri Məhsəti Gəncəvinin, musiqisi Xalq artisti, bəstəkar Oqtay Kazıminin “Bu dünya” mahnısından bir parça Xalq artisti Şövkət Ələkbərovanın ifasında videoçarxda yer alır. Rübailər əsasında hazırlanan bu mahnı fəraq (ayrılıq) və dünya mövzusundadır.