https://innews.media/uploads/news/2026-05/_innews_7f954410d02a64bf85e8f734a_o.jpg
Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan tarixinin dirçəliş və tərəqqi mərhələsi” mövzusunda tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaş və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl Pedaqoji Universitetin kollektivi Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyublar.
Tədbir Ümummilli Liderin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayıb. Rektor qeyd edib ki, Ulu Öndər güclü liderlik keyfiyyətləri, siyasi uzaqgörənliyi və zəngin idarəçilik təcrübəsi sayəsində yalnız Azərbaycanın deyil, bütövlükdə regionun həyatında dərin iz qoymuş dahi şəxsiyyət, öz ölkəsinə iki fərqli sistem şəraitində uğurla rəhbərlik etmiş görkəmli dövlət xadimidir.
1969–1982-ci illərdə respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli dəyişikliklərin baş verdiyini qeyd edən rektor bildirib ki, həmin dövr haqlı olaraq Azərbaycan tarixinin dirçəliş mərhələsi kimi xarakterizə olunur.
Çıxışda Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərinə də geniş yer verilib. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkəmizi vətəndaş qarşıdurması, parçalanma və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edərək davamlı sabitlik və tərəqqi yoluna çıxarıb. Son 23 ildə Azərbaycan Ulu Öndərin formalaşdırdığı möhkəm təməl üzərində, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etməkdədir.
Giriş nitqindən sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.
Daha sonra ADPU-nun prorektoru dosent Eldar Aslanov “Heydər Əliyev müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisidir”, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov “Azərbaycan təhsili Heydər Əliyevin rəhbərliyi illərində”, fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov “Milli şüurun inkişafında və azərbaycançılıq məfkurəsinin formalaşmasında Heydər Əliyevin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində ADPU-nun “Meh” ədəbi dərnəyinin üzvləri Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından və Səməd Vurğunun “Azərbaycan” şeirindən parçalar səsləndiriblər. Ardınca ekranda uşaq xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısı nümayiş olunub.
Tədbir İncəsənət və fiziki tərbiyə fakültəsinin xor kollektivinin ifa etdiyi rəngarəng musiqi nömrələri ilə yekunlaşıb.