https://innews.media/uploads/news/2026-05/_innews_3180c0e4df4048014100ab167_o.jpg
Bu gün biz uzun illər idmanla peşəkar şəkildə məşğul olmuş Əliyeva Mədinə ilə birlikdəyik. O, 11 il voleybol sahəsində fəaliyyət göstərərək 21 yaşında beynəlxalq yarışlarda dünya çempionu olub. Daha sonra fitness istiqamətinə yönələrək bu sahədə də özünü inkişaf etdirib. Hazırda idmanı yalnız peşə kimi yox, həm də sağlam həyat tərzi kimi davam etdirir və insanlara bu istiqamətdə dəstək olur.
- Sosial şəbəkələrdə yayılan “sürətli nəticə” vədləri insanlar üçün nə kimi problemlər yarada bilər?
- Sosial şəbəkələrdə yayılan “sürətli nəticə” vədləri insanlarda qeyri-real gözləntilər yaradır. Buna görə bir çox insan qısa müddətdə böyük dəyişiklik gözləyir və nəticə görməyəndə motivasiyasını itirir. Bu həmçinin sərt pəhrizlərə, həddindən artıq məşqlərə və sağlamlığa zərər verməyə səbəb ola bilər. Vacibdir ki, insanlar sağlam və gözəl bədənin zaman, disiplin və düzgün yanaşma nəticəsində formalaşdığını anlasınlar.
- Uzun müddət nəticə görməyən insanlara nə tövsiyə edərdiniz?
- Uzun müddət nəticə görməyən insanlara insanlara ilk növbədə səbirli olmağı tövsiyə edərdim. Çünki bədəndə dəyişikliklər hər zaman sürətli baş vermir. Vacib olan davamlılıq, düzgün qidalanma, keyfiyyətli yuxu və məşqlərdə sistemli olmaqdır. Həmçinin insan özünü başqaları ilə müqayisə etməməlidir, çünki hər bədənin nəticə vermə tempi fərqlidir. Bəzən tərəzidə dəyişiklik görünməsə belə, bədəndə forma, güc və sağlamlıq baxımından inkişaf müşahidə olunur.
- Ev şəraitində edilən məşqlərlə zal məşqləri arasında əsas fərq nədir?
- Ev şəraitində edilən məşqlər də effektiv ola bilər, xüsusilə aktiv qalmaq və ümumi bədən tonusunu qorumaq üçün. Amma zal məşqlərində imkanlar daha geniş olur: müxtəlif trenajorlar, əlavə çəkilər və yükü mərhələli şəkildə artırmaq imkanı var. Həmçinin bir çox insan üçün zal atmosferi əlavə motivasiya və disiplin yaradır. Ən vacibi isə insanın davamlı şəkildə edə biləcəyi məşq formasını seçməsidir.
- İnsanların çoxu nəticəni tərəzidə görmək istəyir. Amma bədəndəki dəyişikliklər hər zaman çəkidə görünürmü?
- Xeyr, bədəndəki dəyişikliklər hər zaman tərəzidə görünmür. İnsan yağ itirə və eyni zamanda əzələ kütləsi artıra bilər. Buna görə də çəki dəyişməyə bilər. Bu səbəbdən yalnız çəkiyə deyil, bədən ölçülərinə, bədənin keyfiyyətinə, insanın özünü necə hiss etdiyinə və enerji səviyyəsinə də diqqət etmək lazımdır. Bəzən vizual dəyişikliklər tərəzidəki rəqəmdən daha önəmli olur.