logo
Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri - VİDEO

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri - VİDEO

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri - VİDEO Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri - VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi davam edir. Növbəti dəfə izləyicilərə görkəmli şair, mütəfəkkir, ana dilimizdə şeirin ən gözəl nümunələrini yaratmış Məhəmməd Füzuli yaradıcılığından qəzəllər təqdim olunur.

Əsl adı Məhəmməd ibn Süleyman olan orta əsr dahi Azərbaycan şairi, mütəfəkkiri, filosofu Məhəmməd Füzuli türkdilli ədəbiyyatın ən böyük şairidir. Bir çox şeirləri Molla Məhəmməd Bağdadi imzasıyla gedib. Füzuli şairin təxəllüsüdür. O, şeirlərini  ana dili olan Azərbaycan dilində, həmçinin farsca və ərəbcə də yazmışdır.

XV-XVI əsrlərdə yaşamış Füzuli həm türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. 

1494-cü ildə indiki İraq ərazisində anadan olan  Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Füzuli adı çəkiləndə ilk öncə Orta Şərq faciəvi sevgi hekayəsi dünyada məşhur olan “Leyli və Məcnun” yada düşür.

Sevgi dolu qəzəlləri ustad sənətkarların və muğam xanəndələrin repertuarlarının bəzəyidir. Füzuli elə bir ümmandır ki, hər damlası bir xəzinədir.

Olsa hər şərbət, bu sevda dərdinə etməz əlac, Şərbətimdir vəsli-yarü zikri-canan, ey təbib!

Həyatın bütün şirinliklərini ilahi bir eşqə zikr etməkdə, əlacını ona qovuşmaqda görən Füzulinin qəzəlinin dərinliyini izah etmək, Füzulini dərk edən, onun elmini mükəmməl bilən kəslər bilir. Füzulinin dünyəvi və ilahi eşqə yazdığı bənzərsiz qəzəllərin hər bir beyti bir elm, bir açardır.

Keçir əflaki mənim naleyi-zarım, bəlkə Eşidə ol üzü ay, çeşmi-xumarım gecələr.

Füzulinin dərin eşqlərindən biri də Təbriz, Anadolu və Hindistan kimi yerləri görmək olmuşsa da, İraqdan kənar heç vaxt səfər etməmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2019-cu ildən Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunmuşdur. Şairin Kərbəladakı qəbri yenilənmiş və üzərinə “Azərbaycan şairi” sözləri əlavə olunmuşdur.

Mərkəzi Kitabxananın Fəxri oxucuları yazıçı Şahzədə İldırım və şair-qəzəlxan Ceyhun Möhübbi dahi şairin “Gecələr” və “Ey təbib” qəzəlini səsləndirərək izləyicilərə təqdim edir. “Gecələr” qəzəlində M.Füzuli gecələrin onun üçün həsrət və kədər vaxtı olduğunu təsvir edir. Şair gecələr sevgilisini xatırlayaraq iztirab çəkir. Gecə obrazı burada tənhalıq, həsrət və sevgi ağrısının simvolu kimi verilir. “Ey təbib” qəzəlində isə şair aşiqin daxili iztirablarını və eşqin sağalmaz bir dərd olduğunu ifadə edir. Şair bildirir ki, onun dərdinə çarə dərman deyil, çünki bu sevgi ilahi və dərin bir hissdir. Burada eşq həm ağrı, həm də mənəvi ucalıq mənbəyi kimi təqdim olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin