https://innews.media/uploads/news/2026-05/_innews_30714dd79e4fd320ff0e0c83b_o.jpg
“Boysun Baharı” (Boysun Bahori) beynəlxalq etno-festivalı Özbəkistanın Surxandərya vilayətinin Boysun rayonunda yerləşən Baisuntau dağlarında keçirilən və regionun zəngin mədəni irsini əks etdirən mühüm beynəlxalq tədbirdir.
1–3 may tarixlərində keçirilmiş VIII “Boysun Baharı” Beynəlxalq Folklor Festivalı müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirərək qeyri-maddi mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, ənənəvi mətbəx və tətbiqi sənət nümunələri təqdim olunmuş, güləş, kuraş və kupkari kimi milli idman yarışları keçirilmiş, həmçinin sənətkarların əsərləri nümayiş etdirilərək ustad dərsləri təşkil edilmişdir.
Ənənəvi olaraq 20-dən artıq ölkənin iştirak etdiyi bu festivalda Böyük Britaniya, Belçika, Niderland, Rusiya, Yaponiya, Türkiyə, Azərbaycan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi dövlətlər əsas iştirakçılar qismində təmsil olunmuşdur. Tədbirdə ölkəmiz Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmsil olunmuş, Mərkəzin layihəsi çərçivəsində “Gənc Aşıqlar” qrupu çıxış etmişdir. Qrupun ifaları Azərbaycan xalq musiqisinin çoxşaxəli inkişafını, saz ifaçılığı məktəbinin özünəməxsus xüsusiyyətlərini və milli-mənəvi dəyərlərimizi əks etdirərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Eyni zamanda təqdim olunan proqram çərçivəsində Azərbaycanın zəngin folklor irsi, o cümlədən aşıq yaradıcılığı və ənənəvi ifaçılıq mədəniyyəti haqqında geniş təsəvvür formalaşdırılmışdır.
Ümumilikdə, belə beynəlxalq tədbirlərdə iştirak Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, ölkənin müsbət imicinin möhkəmləndirilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Boysun rayonunda belə nüfuzlu festivalın keçirilməsi təsadüfi deyil. Ərazi zəngin qeyri-maddi mədəni irsi ilə seçilir. Boysun mədəniyyət məkanı 2001-ci ildə UNESCO tərəfindən tanınmış, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Beləliklə, “Boysun Baharı” yalnız mədəni tədbir olmaqla məhdudlaşmır, həm də tarixi yaddaşın qorunması, milli kimliyin ifadəsi və mədəni müxtəlifliyin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.