https://innews.media/uploads/news/2026-05/_innews_4b74ca504dbb0b94bd68cd2bd_o.jpg
Dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və beynəlxalq münasibətlər sistemində rolu artmaqdadır. Bu gün qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan dövlətlər də beynəlxalq münasibətlərin qurucuları kimi çıxış edirlər.
Azərbaycan Respublikası da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib. Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərə dəvət alması da bu reallığın göstəricisidir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır. Bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Şübhəsiz ki, bu həm də dövlətimizin başçısının şəxsi nüfuzunu nümayiş etdirir. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı və çıxışlarında toxunduğu məsələlər hər zaman böyük maraqla qarşılanır. Bu mənada dövlətimizin başçısının mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha göstərdi ki, Azərbaycan qlobal birliyin ehtiram göstərilən üzvü, Prezident İlham Əliyev isə nüfuzlu siyasi liderlər cərgəsində dayanan ölkə rəhbəridir.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışı da Azərbaycanın milli maraqları çərçivəsində olan, eyni zamanda Avropa məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən məsələləri əhatə etdi və bu çıxış kontekstində dövlətimizin başçısı yalnız Avropaya deyil, bütün dünyaya vacib mesajlar ünvanladı.
Dövlətimizin başçısının Zirvə toplantısında toxunduğu məsələlərdən biri də Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı oldu. Böyük qürurla qeyd etməliyik ki, Vətən müharibəsində və antiterror əməliyyatlarında ərazilərini işğaldan azad edərək yeni reallıqlar yaradan Azərbaycan dövləti həm də artıq praktik müstəviyə qədəm qoyan sülh prosesinin təşəbbüskarıdır. Prezident İlham Əliyevin müəllifliyi, liderliyi ilə Azərbaycan və Ermənistan arasında başladılan sülh prosesi xüsusən də ötən ilin avqust ayında Vaşinton şəhərində sülh sazişi layihəsinin paraflanmasından, bu istiqamətdə əldə edilən digər razılaşmalardan sonra daha da sürətlənib və real nəticələrə köklənib. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Eyni zamanda müstəqillik illərində Azərbaycan ilk dəfə olaraq özünün neft məhsullarını - benzin və dizel yanacağını Ermənistana ixrac edib. İndiyə qədər Azərbaycandan 12 min ton neft məhsulları ixrac olunub.
İki ölkə arasındakı bu ticarət prosesi göstərir ki, əməkdaşlıq əlaqələri sülhə və təhlükəsizliyə xidmət edən əsas siyasi-iqtisadi alətlərdən biridir. O cümlədən Zəngəzur dəhlizinin (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) yaradılması ilə bağlı Azərbaycanla Ermənistan arasında ötən ildən yeni mərhələyə qədəm qoyan əməli fəaliyyət sülh prosesinin inkişafına xidmət edən əsas razılaşmalardan biridir. Məhz bu reallıqlara istinad edərək cənab Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında «Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik» — deyə bəyan etdi.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasındakı sülh prosesində tutduğu mövqeyə görə həmçinin Avropa Komissiyasına təşəkkürünü ifadə etdi. Lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi, heç də bütün Avropa təsisatları sülh prosesində eyni yanaşmanı nümayiş etdirmirlər. Bu baxımdan həm Avropa Şurası Parlament Assambleyasının, həm də Avropa Parlamentinin Azərbaycana qarşı tutduqları qərəzli mövqe həm də regionda sülhə doğru atılan addımların qarşısını kəsməyə yönələn siyasi riyakarlıqdır. Sözügedən hər iki qurum erməni lobbisinin əlində alətə çevrilərək hər zaman Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyublar. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra isə bu iki qurum tərəfindən respublikamıza qarşı siyasi təzyiq cəhdləri artıb. Məsələn, ərazilərimizdə erməni separatizminə son qoyulmasından sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı məhdudiyyətlər tətbiq olunub. Avropa Parlamenti isə torpaqlarımızın işğaldan azad edilməsindən sonra erməni lobbisinin sifarişi ilə respublikamıza qarşı düşmənçiliyini və iftiraçı fəaliyyətini daha da artırıb.
“İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi” — deyə Prezident İlham Əliyev Zirvə toplantısında bildirdi.
Əfsuslar olsun ki, Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Məlum olduğu kimi Avropa Parlamentinin qərəzli davranışlarına cavab olaraq, mayın 1-də Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq qərarı alıb.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe və Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı göstərir ki, ölkəmiz yeni düzənin əsas memarlarından biridir. Dövlətimizin başçısının mesajları bir tərəfdən Azərbaycanın sülhsevər və qurucu missiyasını, digər tərəfdən isə ikili standartlara qarşı kompromissiz mübarizəsini özündə təcəssüm etdirdi. Azərbaycanın orta güc kimi yüksəlişi və Prezident İlham Əliyevin beynəlxalq arenadakı nüfuzu qlobal siyasətin inkarolunmaz faktına çevrilib. Avropa Parlamentinin qərəzli qətnamələri və bəzi dairələrin təzyiq cəhdləri Azərbaycanın suveren iradəsini sarsıda bilməz. Əksinə, Bakının atdığı adekvat addımlar və Ermənistanla sülh prosesində nümayiş etdirdiyi praqmatik yanaşma göstərir ki, Cənubi Qafqazda davamlı sülh kənar diktələrlə deyil, məhz Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi ilə mümkündür. Azərbaycan öz yolu ilə inamla irəliləyir və bu yol milli maraqlara, ədalətə və qlobal sabitliyə xidmət edir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı