https://innews.media/uploads/news/2026-05/_innews_cd1a496528e031df7ab14a943_o.jpg
Azərbaycan və Çexiya arasında davam edən yaxınlaşma son illərdə Avropa və Cənubi Qafqaz bölgələri arasında əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Bu strateji tərəfdaşlığın ən parlaq və həlledici mərhələsi kimi Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfəri xüsusi qeyd olunmalıdır. İki ölkə arasında diplomatik əlaqələrin təməli 1993-cü ildə qoyulsa da, münasibətlərdəki əsas dönüş nöqtəsi 2015-ci ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" olmuşdur. Çexiya Avropa İttifaqı daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman birmənalı şəkildə dəstəkləyən prinsipial ölkələrdən biri kimi tanınır ki, ölkəmiz də bu mövqeyə böyük önəm verir. Eyni zamanda Çexiya Avropada Azərbaycanın ən etibarlı enerji tərəfdaşıdır. Çexiyanın neftə olan təlabatının təxminən 30 faizi Azərbaycan neftinin hesabına təmin edilir. Ölkələr arasında olan siyasi etimadın ən yüksək göstəricisi isə Baş nazir Babişin Qəbələdə Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi "Azərbaycan Çexiya üçün strateji tərəfdaşdır və bizim səmimi dostluq münasibətlərimiz var" ifadəsi ilə öz təsdiqini tapmışdır. Son dövrlər Avropa ölkələrinin Azərbaycanın geosiyasi roluna marağının artması müşahidə olunur; belə ki, Çexiyadan əvvəl Latviya, Litva və Ukrayna liderlərinin Bakıya səfərləri Avropanın ölkəmizi təkcə etibarlı enerji mənbəyi deyil, həm də regionda sülh və dialoq üçün mərkəzi platforma kimi gördüyünü sübut edir. İqtisadiyyatın digər sahələrində də inkişaf üçün geniş zəmin mövcuddur; Andrey Babişi səfər zamanı müşayiət edən geniş biznes nümayəndə heyəti maşınqayırma, nəqliyyat və kənd təsərrüfatına olan marağın bariz göstəricisidir. Xüsusilə Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki "ağıllı şəhər", alternativ enerji və su idarəetməsi layihələrinə göstərdiyi maraq hər iki tərəf üçün böyük iqtisadi perspektivlər vəd edir. Hərbi sahədə də əlaqələr yeni mərhələyə qədəm qoyub; 2026-cı ilin aprelində imzalanmış "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" Azərbaycan Ordusunun modernləşdirilməsində, xüsusilə Çexiyanın yüksək texnologiyalı radar sistemləri və aviasiya xidmətlərindən istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dənizə çıxışı olmayan lakin Avropanın mərkəzində yerləşən Çexiya Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz layihəsinə mühüm alternativ nəqliyyat marşrutu kimi böyük maraq göstərir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropa üçün artan əhəmiyyəti, ölkəmizin torpaqlarını azad edərək yaratdığı yeni reallıqlar və Bakının "təhlükəsizlik qalası"na çevrilməsi bu yaxınlaşmanın əsas sütunlarıdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra bu dinamikanın davam etməsi Azərbaycanın dünya siyasətindəki nüfuzunun təntənəsidir və aparılan düzgün strateji xətt xarici dövlət başçılarının ölkəmizə səfərlərinin bundan sonra da intensiv xarakter alacağını şübhəsiz edir.
Əfsanə İbrahimova
YAP Fəalı