https://innews.media/uploads/news/2026-05/_innews_50853350644f1a4c8d2a9e98e_o.jpg
Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universiteti və ADPU-nun birgə təşkilatçılığı ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi öz işinə başlayıb. Üç gün davam edəcək konqres sosial elmlər sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, fənlərarası yanaşmaların təşviqi və müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
Konqresin Təşkilat Komitəsinin sədri professor Süleyman Erkam Sulak bu cür beynəlxalq elmi platformaların tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi və yeni elmi ideyaların formalaşması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov çıxışında müasir dövrdə ali təhsil sisteminin qlobal rəqabət, texnoloji inkişaf və sosial-iqtisadi transformasiyalar fonunda yeni mərhələyə qədəm qoyduğunu bildirib. Rektor qeyd edib ki, rəqəmsallaşma, süni intellekt və innovativ yanaşmalar təhsilin məzmununa və idarəetmə modellərinə ciddi təsir göstərir. C.Cəfərov ali təhsil müəssisələrində strateji idarəetmənin əhəmiyyətinə toxunaraq, universitetlərin uzunmüddətli məqsədlərinin müəyyənləşdirilməsi, resursların səmərəli idarə olunması və dəyişən mühitə çevik uyğunlaşmanın vacibliyini vurğulayıb.
Çıxış edən Ordu Universitetinin rektoru professor Orhan Baş Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək, bu cür tədbirlərin elmi və akademik əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Konqres çərçivəsində keçirilən keynot sessiyalarda bir sıra aktual məruzələr təqdim olunub:
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov “Ali təhsildə strateji idarəetmə: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, müasir ali təhsil sistemi qloballaşma, rəqəmsallaşma və əmək bazarının dəyişən tələbləri fonunda yeni idarəetmə yanaşmalarını zəruri edir. Prorektor strateji idarəetmənin universitetlərin missiya və vizyonunun müəyyənləşdirilməsi, resursların optimal bölüşdürülməsi, təhsil və tədqiqat prioritetlərinin düzgün seçilməsi baxımından əsas alət olduğunu qeyd edib. Məruzədə ali təhsildə mövcud reallıqlar kimi beynəlxalq rəqabətin artması, rəqəmsal texnologiyaların və süni intellektin tədris prosesinə inteqrasiyası, maliyyə məhdudiyyətləri və əmək bazarının tələblərinin ön plana çıxması xüsusi vurğulanıb. Bununla yanaşı, strateji planların icrası, insan resurslarının inkişafı, innovasiyalara qarşı daxili müqavimət və keyfiyyət təminatı kimi əsas çağırışlara diqqət çəkilib. Asəf Zamanov bu çağırışlara cavab olaraq strateji planlaşdırma, GZİT (SWOT) analizinin tətbiqi, performans göstəricilərinin müəyyənləşdirilməsi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin vacibliyini qeyd edib.
İstanbul-Cərrahpaşa Universitetinin professoru Məhəmməd Baştuğ “Öğrenmenin Yeni Mimarları: Öğretmenler, Öğrenciler, Aileler ve Yapay Zeka” mövzusunda məruzə edərək təhsil prosesində bütün iştirakçıların – müəllim, tələbə və ailənin rolunun yenidən nəzərdən keçirildiyini, süni intellektin isə öyrənmə mühitini köklü şəkildə dəyişdirdiyini bildirib.
Pamukkale Universitetinin professoru Süleyman İnan “Sosyal Bilimlerin Faydaları: Bir Gelecek Perspektifi” mövzusunda məruzəsində sosial elmlərin cəmiyyətin inkişafında rolu və gələcək perspektivlərini təhlil edib.
Plenar sessiyalardan sonra beynəlxalq konqres çərçivəsində müxtəlif mövzular üzrə panel müzakirələr təşkil olunub, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Daha sonra bölmələrdə araşdırmaların təqdim olunmasına başlanılıb.
Qeyd edək ki, konqresdə ümumilikdə 600-ə qədər müəllif iştirak edir. Proqram çərçivəsində 114 ənənəvi və 189 onlayn olmaqla, ümumilikdə 303 elmi məruzənin təqdim olunması nəzərdə tutulur. Məruzələr 21 ənənəvi və 28 onlayn bölmə olmaqla ümumilikdə 49 bölmədə müzakirə olunur.
Üç gün ərzində keçiriləcək konqresdə sosial elmlərin müxtəlif istiqamətlərini əhatə edən mövzular üzrə müzakirələr aparılacaq, yeni elmi yanaşmalar və tədqiqat nəticələri təqdim olunacaq.