https://innews.media/uploads/news/2026-05/_innews_22b5edd1f16a3e4642ad1bf2d_o.jpg
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku bu dəfə fərqli yarış formatı ilə gimnastika ictimaiyyətinin xüsusi marağına səbəb olub.
"innews media" xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, turnirdə ilk dəfə olaraq ənənəvi sistemdən fərqli yarış qaydaları tətbiq edilir. Yeni formata əsasən, fərdi gimnastlar təsnifat mərhələsində ilk 16-lığa düşdükdən sonra 8-liyə vəsiqə uğrunda mübarizə aparır, daha sonra isə əlavə raundlar vasitəsilə finalçılar müəyyənləşdirilir. Qrup hərəkətləri üzrə komandalar da fərqli sistemlə yarışır və ən yaxşı 6 komanda yarımfinal və final mərhələsinə yüksəlir.
“Bu format indiyədək tətbiq edilməyib. Yarışlara əlavə dinamika və həyəcan qatır, həm gimnastlar, həm məşqçilər, həm də tamaşaçılar arasında böyük maraq doğurur”, – deyə N.Məmmədzadə vurğulayıb.
Federasiya rəsmisi Azərbaycan idmançılarının çıxışına da toxunub. O bildirib ki, milli komanda həm gənclər, həm də böyüklər kateqoriyalarında fərdi və qrup hərəkətləri üzrə təmsil olunur. “Paris 2024 Yay Olimpiya Oyunlarından sonra komandada nəsil dəyişikliyi baş verib və qrup hərəkətləri üzrə heyət tam yenilənib. Yeni komanda bu yarışda öz proqramını təqdim edəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, yarışda 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir. Turnirdə Azərbaycanı 10 gimnast təmsil edir.
Açılış mərasimi Fərid Qayıbov tərəfindən elan olunub. Avropa Kuboku mayın 3-dək davam edəcək.