https://innews.media/uploads/news/2026-04/_innews_4eac1375b7f0f1ec64b9ea73e_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “I Türkoloji qurultayda qəbul olunmuş qərarlar kontekstində Türk dünyasında daxili inteqrasiya proseslərinə baxış” mövzusunda dəyirmi masa keçirilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova I Türkoloji qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğuğayıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Çünki müasir dövrdə türk xalqlarının mədəni və elmi inteqrasiyası, ortaq dəyərlər üzərində əməkdaşlıq ideyası məhz həmin qurultayda qoyulmuş elmi əsaslara söykənir.
Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova I Türkoloji qurultayın türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik tarixi hadisə olduğunu qeyd edib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır. I Türkoloji qurultay türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın türk dünyasının elm-mədəniyyət mərkəzi kimi qəbul olunmasında mühüm rol oynayib, orada qaldırılan problemlərin türk xalqlarının sonrakı mədəni həyatına böyük təsiri olub.
Kafedranın professoru İsmayıl Məmmədov isə I Türkoloji qurultay haqqında geniş məlumat verərək bildirib ki, məşhur türkoloq Vasili Radlov və İsmayıl bəy Qaspıralının xatirəsinə həsr olunmuş qurultayda 131 nümayəndə iştirak edib, 7 əsas problem müzakirə olunub, 17 iclas keçirilib, Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə dinlənilib və 75 bənddən ibarət 10 qətnamə qəbul edilib.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, böyük elmi işçi Nazim Mustafa, aparıcı elmi işçi Elmar Məhərrəmov, Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri Hacı Həsənov, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Arif Məmmədov çıxışlarında qurultayın iclasları, qəbul olunmuş qərarlar, əlifba məsələsi, o cümlədən rus dilinin latınlaşdırılması təşəbbüsləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı vurğulanıb ki, I Türkoloji qurultay Türk dünyasında ortaq elmi yanaşmaların formalaşması, dil, mədəniyyət və tarix sahəsində vahid konseptual baxışın inkişafı baxımından mühüm mərhələ təşkil edib.
Qeyd olunub ki, qurultayda qəbul edilən qərarlar müasir dövrdə də Türk dünyasında daxili inteqrasiya proseslərinə ideya və istiqamət verməkdə davam edir.