https://innews.media/uploads/news/2026-04/_innews_e7899ac7fb7586cbdb979e761_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş elmi seminar təşkil olunub. Seminarda fakültə dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, kafedra müdirləri – professor Əli Zalov, dosent Anaxanım Yusifova, dosent Kəmalə İskəndərova, eləcə də fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminar çərçivəsində yaşıl şəhərsalma konsepsiyası kontekstində mikoloji tədqiqatların əhəmiyyəti, şəhər landşaftlarında ekoloji mühitin patogen göbələklərdən qorunma üsulları barədə ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan dekan müavini dosent Bəsti Əsədova seminarın “Şəhərsalma və memarlıq ili”nə həsr olunduğunu diqqətə çatdıraraq, mövzunun aktuallığı barədə söz açıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri professor Dilzarə Ağayeva “Azərbaycanda mikoloji tədqiqatlar: sübutlar, boşluqlar və prioritetlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkədə aparılan mikoloji araşdırmaların mövcud vəziyyəti, bu sahədəki elmi boşluqlar və gələcək prioritet istiqamətlər ətrafında geniş təhlillər təqdim olunub. Təqdimatdan sonra iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.
Seminarın sonunda fakültə dekanı dosent Reyhan Ağayeva çıxış edərək, seminarın və professor Dilzarə Ağayevanın təqdim etdiyi elmi məlumatların vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin fakültənin elmi-tədqiqat və tədris fəaliyyətinin inkişafına mühüm töhfə olacağını qeyd edib.