logo
TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib

TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib

TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Azərbaycan parlamentinin sədri qeyd edib ki, Milli Məclis həmişə olduğu kimi, bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək. O vurğulayıb ki, ortaq tarix, dil və mədəni-mənəvi dəyərlər xalqlarımızı və ölkələrimizi sıx birləşdirir. Onun sözlərinə görə, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik şəkildə inkişaf edir. Milli Məclisin sədri deyib ki, qardaş ölkələrimizi əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir. Bu birlik və həmrəylik inkişaf və əməkdaşlığı təmin edir, regional və qlobal səviyyədə sülhə və sabitliyə mühüm töhfə verir.

Qeyd olunub ki, Azərbaycan daim Türk dünyasının daha sıx inteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyata keçirir. Qardaş türk dövlətləri ilə əlaqələrin genişlənməsi və möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Bu mənada, spiker Sahibə Qafarovanın sözlərinə görə, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin iyulunda mədəniyyət paytaxtı Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi zirvə görüşü keçirilib. Daha sonra bu ənənə davam etdirilib, növbəti qeyri-rəsmi zirvə görüşü 2025-ci ildə Budapeştdə keçirilib.

TÜRKPA-ya üzv parlament sədrlərinin Parlamentlərarası İttifaqın assambleyaları çərçivəsində qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsünü Milli Məclisin dəstəklədiyini deyən Sahibə Qafarova bildirib ki, bu toplantılar yalnız TÜRKPA çərçivəsində deyil, həmçinin digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində əməkdaşlığımızı qiymətləndirilməyə, eyni zamanda  maraq doğuran məsələləri səmimi mühitdə müzakirə etməyə şərait yaradır. Qeyd olunub ki, bu formatda toplaşmağımız gündəlikdə duran məsələlərin müzakirəsi, ortaq maraqlarımızın müdafiəsi və gələcək fəaliyyətin əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sonra görüş təşkilata üzv olan digər ölkələrinin parlament sədrlərinin çıxışları və müzakirələrlə davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin