logo
Fransada dünya şöhrətli pianoçu Adilə Əliyevanın konserti olub

Fransada dünya şöhrətli pianoçu Adilə Əliyevanın konserti olub

Fransada dünya şöhrətli pianoçu Adilə Əliyevanın konserti olub Fransada dünya şöhrətli pianoçu Adilə Əliyevanın konserti olub

Fransanın paytaxtı Parisdə tanınmış mədəniyyət xadimi, dünya şöhrətli pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyevanın konserti keçirilib. Konsertdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Fransada yaşayan soydaşlarımız və müxtəlif icmaların nümayəndələri iştirak edib.

Proqramda Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri xüsusi yer alıb. Dinləyicilər Vaqif Mustafazadənin yaradıcılığından nümunələrə böyük maraqla qulaq asıblar. Eyni zamanda Elnarə Dadaşovanın əsərlərindən səsləndirilən parçalar konsertə milli musiqi rəngarəngliyi qatıb. Azərbaycan xalq musiqisinin incilərindən sayılan “Ay Laçın”ın ifası isə konsertin unudulmaz anlarından biri olub. Həmçinin polyak bəstəkarı Frederik Şopenin bəstələrindən seçilən musiqilər tamaşaçıların zövqünü oxşayıb.

Azərbaycan və dünya bəstəkarlarının əsərlərini bir səhnədə birləşdirərən musiqili proqram diaspor nümayəndələri ilə yerli ictimaiyyət arasında səmimi və mədəni ünsiyyət mühiti yaradıb.

Daha sonra professor Adilə Əliyevanın həyat yolu, zəngin yaradıcılığı, beynəlxalq musiqi aləmində qazandığı uğurlar və Azərbaycan mədəniyyətinin təbliğinə verdiyi töhfələrə həsr olunan “Barmaqların ucundakı müqəddəs alov” kitabının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Adilə Əliyeva 25 ildən çoxdur Fransanın Annemasse şəhərində yaşayır. O, dünyanın 50-dən artıq ölkəsində konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-disk buraxıb və Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi çalışan sənətkar hər iki ildən bir keçirilən və onun adını daşıyan “Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsi”nin təşkilatçısıdır.

Adilə Əliyeva, həmçinin Azərbaycan diasporunun inkişafında fəal iştirakına görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin