logo
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib

Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. Əvvəlcə alimin elmi tədqiqatlarından ibarət əsərlərə baxış keçirilib.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Müseyib İlyasovun uzunmüddətli elmi-pedaqoji fəaliyyəti, ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. Rektor bildirib ki, Müseyib İlyasov zəngin elmi-pedaqoji irsi, təşkilatçılıq qabiliyyəti və müəllimlik nümunəsi ilə bir neçə nəslin yetişməsində mühüm rol oynayıb. Qeyd edilib ki, yubilyar uzun illər kafedra müdiri kimi səmərəli fəaliyyət göstərib, Əməkdar müəllim, Qabaqcıl təhsil işçisi fəxri adlarına layiq görülüb, ADPU-nun 100 illiyi münasibətilə təsis edilən yubiley medalı ilə təltif olunub.

Prof. Cəfər Cəfərov prof. Müseyib İlyasovu universitetdə çoxillik səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edib.

Elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov Müseyib İlyasovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun pedaqoji fikir və təhsil menecmenti sahəsində formalaşdırdığı elmi yanaşmalar və yetişdirdiyi kadrlardan söz açıb. Prorektor bildirib ki, Müseyib İlyasov yalnız pedaqoq kimi deyil, eyni zamanda, xüsusən şagirdlərin peşəyönümünün müəyyən olunmasının elmi-pedaqoji əsaslarının formalaşdırılmasında ölkəmizdə özünəməxsus yol açmış alimdir. Professor A.Zamanov qeyd edib ki, onun yetişdirdiyi fəlsəfə və elmlər doktorları bu gün müxtəlif elm-təhsil müəssisələrində uğurla fəaliyyət göstərir, ölkənin təhsil sisteminə töhfə verirlər. Qeyd edilib ki, yubilyarın müəllifi olduğu elmi əsərlər, dərslik və metodik vəsaitlər pedaqoji tədqiqatlar sahəsində mühüm mənbə kimi istifadə olunur və gənc tədqiqatçılar üçün istiqamətverici rol oynayır.

Sonra prorektor prof. Müseyib İlyasovun 75 illiyi münasibətilə hazırlanmış kitabı kollektivə təqdim edib.

Sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev çıxışında prof. Müseyib İlyasovun çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirərək onun universitet mühitində formalaşdırdığı akademik ənənələrin davamlı xarakter daşıdığını vurğulayıb. Prorektor qeyd edib ki, yubilyar uzun illər ərzində yalnız elmi-pedaqoji fəaliyyəti ilə deyil, həm də ali məktəbdə sağlam mənəvi-psixoloji mühitin qorunması, akademik etikanın təşviqi və institusional mədəniyyətin möhkəmləndirilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirib.

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev də çıxış edərək qeyd edib ki, prof. Müseyib İlyasov uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrlə seçilmiş, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə universitet ictimaiyyətinin dərin hörmətini qazanmış alimlərdəndir.

Sonra dos. V.Əliyev yubilyarı Həmkarlar İttifaqı Komitəsi adından təltif edib.

Professor-müəllim heyətinin nümayəndələri çıxış edərək prof. Müseyib İlyasovla bağlı xatirələrini bölüşüb, onun elmi və pedaqoji fəaliyyətinə yüksək qiymət verərək yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbirin sonunda yubilyar Müseyib İlyasov çıxış edərək ona göstərilən diqqət və yüksək qiymətə görə universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. O, uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində qazandığı təcrübəni və formalaşdığı akademik mühiti hər zaman böyük dəyər kimi qiymətləndirdiyini vurğulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin