https://innews.media/uploads/news/2026-04/_innews_aae30d3f87f83e35eff09181a_o.jpg
Aprelin 9-da Milli Məclisdə Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarova adından salamlayaraq, bildirib ki, ölkələrimiz arasında əlaqələr günbəgün genişlənir, inkişaf edir və bu gün özünün ən qürurverici anlarını yaşayır. Dövlətlərimiz, xalqlarımız arasında bütün sahələrdə sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. O, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb.
Xalqlarımızın həm çətin günlərdə, həm xoş zamanlarda bir-birinin yanında olduğunu deyən dostluq qrupunun rəhbəri Qarabağ Zəfərində Türkiyənin Azərbaycanın yanında olduğunu söyləyib, Şuşa Bəyannaməsinin qardaşlığımızı müttəfiqlik səviyyəsinə yüksəltdiyini qeyd edib. Azərbaycanın da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı əlindən gələn yardımı əsirgəmədiyini bildirib. O, bu yaxınlarda Qəhrəmanmaraş şəhərində zəlzələdən əziyyət çəkmiş insanlar üçün Azərbaycan məhəlləsinin istifadəyə verilməsini dostluğumuzun sumvolu olduğunu deyib.
Əhliman Əmiraslanov Şimali Kipr Türk Cümhuriyyəti ilə də əlaqələrimizin genişləndiyini bildirərək, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Dövlət başçımızın Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının toplantılarında yerinin daimi olduğunu dəfələrlə qeyd etdiyini vurğulayıb.
Parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu deyən Əhliman Əmiraslanov hər iki ölkənin qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qrupları çərçivəsində, habelə parlamentlərin müvafiq komitə və komissiyaları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdiyini, bununla yanaşı deputatlarımızın TÜRKPA tərkibində səmərəli fəaliyyət göstərdiyini söyləyib. O, parlament sədrləri arasında olan yaxın dostluq əlaqələrinin parlamentlərarası əməkdaşlığın inkişafında önəmli rol oynadığını bildirib.
Sonra görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər çıxış edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənən müasir Azərbaycan dövlətinin əldə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. O, ölkələrimizin ortaq tarixə, mədəniyyətə və ənənələrə malik olduğunu söyləyib. Dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin əhəmiyyətli rolunu qeyd edib. Dost, müttəfiq və qardaş dövlətlərimizin həmrəliyinin vacibliyindən danışıb.
Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyətindən söhbət açan Ziya Öztürklər Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında, habelə TÜRKPA-da təmsil olunmasının qurum ölkələri ilə daha səmərəli əlaqələrin qurulmasına imkan verəcəyini deyib. O, Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyə və Azərbaycan parlamentləri ilə mövcud olan uğurlu əməkdaşlığının bütün türk dövlətləri parlamentləri ilə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Beynəlxalq əlaqələr çərçivəsində türk dövlətləri arasında ortaq xarici siyasət mexanizmlərinin gücləndirilməsindən söhbət açıb.
Üçtərəfli görüşdə çıxış edən Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qrupun 2024-cü ildə yaradıldığını, ötən dövr ərzində parlamentlərimiz arasında sıx əlaqələrin olduğunu, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin baş tutduğunu bildirib. O, məqsədin ölkələrimiz arasında müxtəlif səviyyələrdə olan münasibətlərin intensivləşməsinə töhfə vermək olduğunu söyləyib. İki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını, ayrı-ayrı qurumların nümayəndələrinin görüşlərinin keçirildiyini, deputatlarımız arasında sıx əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu əlaqələrin genişləndirilməsi Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyası çərçivəsində tanıdılmasına dəstək olmaqdan ibarətdir. Cavanşir Feyziyev bildirib ki, Azərbaycanda keçirilən bütün tədbirlərdə Şimali Kipr Türk Cümhuriyyəti təmsilçilərinin iştirakı təmin olunur.
Daha sonra tədbirdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edib. O, belə toplantıların önəmli olduğunu deyib. Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik, mədəni sahələrdə əlaqələrin genişləndirilməsindən söz açıb. Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhüriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının əhəmiyyətindən danışıb.
Şamil Ayrım regional məsələlərin bölgə ölkələrinin iradəsi ilə həll olunduğunu söyləyib. O, Azərbaycanla Ermənistan arasında sülh müzakirələrini yaxından izlədiklərini deyərək, Türkiyənin Azərbaycanın istəmədiyi heç bir münasibətlərdə olmayacağını, sərhədlərin açılmasının bu məsələnin tamamilə həll olunduqdan sonra mümkün olacağını bildirib.
Türkiyəli millət vəkili öz çıxışında Azərbaycan və Türkiyə parlamentləri arasında səmərəli əməkdaşlığın həm regional, həm də türk dünyasında strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur” fikrinin önəmini vurğulayaraq, türk dünyası ölkələri arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətdə birgə səylərin vacibliyindən danışıb.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Resmiye Eroğlu Canaltay, Türkiyə Böyük Millət Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, hər üç ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Milli Məclisin komitə sədri Polad Bübüloğlu , deputatlar Jalə Əliyeva, İsmayıl Özdemir, Cantürk Alagöz, Semra Dinçer, Kemal Çelik, Uğur Bayraktutan, Vüqar İsgəndərov, Fırtına Karanfil çıxış edərək bu kimi üçtərəfli görüşlərin parlamentlərarası münasibətlərin inkişafına verdiyi mühüm töhfələrdən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, bu formatda keçirilən iclaslar qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə, ortaq dəyərlər əsasında əməkdaşlığın genişləndirilməsinə və üç qardaş dövlət arasında siyasi dialoqun daha da gücləndirilməsinə xidmət edir. Bununla belə, deputatlar üç dövlət arasında əlaqələrin perspektivləri, birgə təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Daha sonra iclasa yekun vuran Əhliman Əmiraslanov görüşün konstruktiv və səmərəli şəraitdə keçdiyini vurğulayıb, bu kimi tədbirlərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsində və əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə Milli Məclisin komitə sədrləri Arzu Nağıyev, Musa Quliyev, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Fatma Yıldırım, Razi Nurullayev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Səttar Möhbalıyev, Anar Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatları Ahmet Erbaş, Türker Yener və digər rəsmi şəxslər iştirak ediblər.