https://innews.media/uploads/news/2026-04/_innews_8ac2f291cc656f1ff0766fd02_o.jpg
Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların IX Respublika elmi konfransı işə başlayıb. Konfransda universitet rəhbərliyi, universitetin professor-müəllim heyəti, ADPU-nun və ölkənin müxtəlif ali təhsil və tədqiqat müəssisələrinin magistrantları, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Plenar iclasda giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov qeyd edib ki, universitetdə ənənəvi olaraq keçirilən magistrantların respublika elmi konfransları Elm Gününə həsr olunur və builki tədbir ADPU-nun 105 illik yubileyi ilə əlamətdardır. Rektor çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bu diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetində son illərdə mühüm islahatlar həyata keçirilir, yeni layihələr icra olunur və universitet inkişafın yeni mərhələsinə qədəm qoyur. Cəfər Cəfərov diqqətə çatdırıb ki, 2026-cı ilin əvvəlində ADPU ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” siyahısında 601-650-ci yerlər intervalında qərarlaşıb. Bunlarla yanaşı, reytinqdə Pedaqoji Universitet Avopra üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301+, məşğulluq nəticələrinə görə isə 380-ci yerdə qərarlaşıb. Həmçinin ADPU "QS Avropa 2026" reytinqinin Qərbi Asiya regionu üzrə reytinq sıralamasında 140 ali təhsil qurumu arasında 54-cü sırada yer alıb. Rektor həmçinin universitetdə rəqəmsal inkişaf üzrə fəaliyyət planının hazırlandığını, yeni ixtisaslaşmaların yaradıldığını, beynəlxalq təcrübənin tətbiq olunduğunu və müasir təhsil proqramlarının icrasına başlanıldığını qeyd edib. Qeyd edilib ki, 2025-2026-cı tədris ilindən etibarən Azərbaycanda magistratura səviyyəsində bütün ixtisaslaşmalar üzrə tam yeni təhsil proqramları, onlara uyğun olaraq hazırlanmış yeni tədris planları icra olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində cəmi 1013 magistrant təhsil alır. Magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetin qəbul planında aparılan yeni ixtisaslaşmalarda – MBA proqramı üzrə 235 magistrant, SABAH qrupları üzrə 75 magistrant, Təhsil menecmenti (tədris ingilis dilində) ixtisaslaşması üzrə 16 magistrant, ABŞ-nin Corc Vaşinqton universiteti ilə ikili diplom birgə magistr diplomu üzrə 26 magistrant təhsil alır. Rektor magistrantların üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, onların daim öz üzərlərində çalışmalı, müasir bilik və bacarıqlara yiyələnməli olduqlarını vurğulayıb. Eyni zamanda qeyd edilib ki, müasir dövrdə təhsildə sürətli dəyişikliklər baş verir və bu dəyişikliklər təhsilin idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan belə elmi konfranslar aktual problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi üçün mühüm platformadır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov vurğulayıb ki, konfrans ADPU-nun 105 illik yubileyinə həsr olunub. Ulu Öndər Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və bu strategiya hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Magistrantların Respublika elmi konfransı da elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və ADPU-da elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqət hesab oluna bilər. Vurğulanıb ki, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, mövcud ixtisaslaşmaların məzmununun, o cümlədən təhsil proqramlarının və tədris planlarının yenilənməsi istiqamətində iş aparılır. ADPU-nun magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalar üzrə mütüxəssis hazırlığı aparılır. Hazırda universitetdə I tədris ilində yeni təsnifata əsasən 5 ixtisasda 28 ixtisaslaşma üzrə, II tədris ilində 22 ixtisasda 29 ixtisaslaşma üzrə magistr hazırlığı həyata keçirilir. Prorektor bildirib ki, konfrans təkcə bilik mübadiləsi üçün deyil, həm də ölkəmizin təhsil siyasətinin inkişafı və gənc tədqiqatçıların gələcəkdəki töhfələri haqqında düşünmək üçün bir platformadır. Konfransın təşkilində əsas məqsəd mövcud tədqiqatlarımızın nəticələrini paylaşmaqla bərabər, həm də elm və təhsil sahəsində qarşılaşdığımız çətinlikləri müzakirə etmək və gələcəkdə bu sahələrin inkişafını necə irəlilədə biləcəyimizi müəyyən etməkdir.
Konfransın açılışında çıxış edən İsveçin Höteburq Universitetinin dosenti, İsveç Azərbaycan Aydınlar Cəmiyyətinin sədri Səadət Kərimi öz təəssüratlarını bölüşərək Azərbaycanda elm və ali təhsilin inkişafı istiqamətində atılan addımların çox diqqətəlayiq olduğunu vurğulayıb, gənc tədqiqatçıların praktik tədqiqatlara cəlb olunmasının önəmindən bəhs edib. Bu istiqamətdə Pedaqoji Universitet nümunəsində görülən işlərin uzunmüddətli perspektivdə ölkə elminə verəcəyi töhfələri qeyd edib.
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi s.e.ü.f.d. Rəşad Sadıqov ötən illər də daxil olmaqla statistik məlumatlarını təqdim edərək diqqətə çatdırıb ki, builki konfransda indiyə qədər olan rekord sayda – 492 məruzə, o cümlədən 12 kənar ali təhsil müəssisəsindən 58 məruzə dinləniləcək. Belə ki, ADPU ilə yanaşı Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, ADA Universitetin, Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetindən magistrantlar iştirak edirlər. Qeyd edilib ki, ötən il keçirilmiş əvvəlki konfransda 381 məruzə, o cümlədən digər 7 ali təhsil müəssisəsindən 54 magistrantın məruzəsi dinlənilmişdir.
Daha sonra ADPU-nun Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov və Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasov çıxış edərək öz təəssüratlarını, magistrantlara olan tövsiyələrini çatdırıblar.
Plenar iclasda ADPU-nun magistrantı Aytac Abbasovanın “Pedaqoji kadr hazırlığının starteji idarə olunmasında beynəlxalq təhsil layihələrinin rolu”, BDU-nun magistrantı Ləman Tağıyevanın “PİSA 2029 çərçivəsində media və süni intellekt savadlılığının (MAİL) qiymətləndirilməsi”mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Təhsildə strateji idarəetmə - 1”, “Təhsildə strateji idarəetmə - 2”, “İnnovasiyalar və təhsilin keyfiyyəti-1”, “İnnovasiyalar və təhsilin keyfiyyəti-2”, “Təhsildə sosial-psixoloji xidmət-1”, “Təhsildə sosial-psixoloji xidmət-2”, “Tədrisin müasir problemləri-1” “Tədrisin müasir problemləri-2” “Tədrisin müasir problemləri-3” və “Tədrisin müasir problemləri-4” bölmələri üzrə davam etdirib.
İki gün davam edəcək konfransda 492 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.