Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Miçalko və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) regional ofisinin rəhbəri Kamola Mahmudova ilə Bakı Limanının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə tərəflər Aİ, AYİB və Bakı Limanı tərəfindən birgə həyata keçirilə biləcək potensial layihələr barədə müzakirə aparıblar. Həmçinin görüşdə regionda yaşıl nəqliyyat mərkəzi kimi limanın imkanlarının artırılması, eləcə də Avropanın aparıcı özəl şirkətlərinin bu prosesə cəlb edilməsi, enerji resurslarının və təchizat zəncirinin şaxələndirilməsi, rəqəmsal transformasiya, güclü regional əlaqə üçün liman infrastrukturunun daha da inkişaf etdirilməsi, o cümlədən Asiya ilə Avropa arasında əsas nəqliyyat marşrutu olan Orta Dəhlizin yaşıllaşdırılması sahələri haqqında da danışıb.
Görüşdə Aİ rəsmiləri Bakı Limanının Aİ-nin regionda flaqman layihəsi olduğunu, bu tərəfdaşlığın gələn ildən başlayaraq yeni istiqamətlərə inkişaf edəcəyini bildiriblər.
Aİ və Bakı Limanının əməkdaşlığı 2016-cı ildən başlayıb, yaşıl liman əməliyyatları, rəqəmsallaşma və dayanıqlı inkişaf sahəsində həyata keçirilən birgə layihələr nəticəsində Bakı Limanı regionda ilk Yaşıl Liman (ECO-Port) statusuna sahib olub və karbon emissiyasının sıfırlanması – 2035 strategiyasını qəbul edərək icra edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin