https://innews.media/uploads/news/2026-03/_innews_f5da82ba57e36e784c8d8a29f_o.jpg
“Öndə Gənclər” (Öndə) İctimai Birliyi “LeadCraft – tarixi nümunələr üzərindən liderlik sənəti” layihəsi üzrə seminarlara başlayıb. İlk seminar Şəki ASAN Xidmət mərkəzinin dəstəyi ilə təşkil olunub və tədbirdə 30 nəfər gənc iştirak edib.
“Öndə” sədri, layihə rəhbəri Fərhad Abdulov qeyd edib ki, birliyin məqsədi gənclərin rəqabət qabiliyyətlərini gücləndirərək əmək bazarında öndə olmasına dəstək verməkdir. Bu məqsədə çatmaqda liderlik kimi yumşaq bacarıqlar xüsusi rol oynayır: Dünya İqtisadi Forumunun “Future of Jobs 2023” hesabatında liderlik və sosial təsir bacarığı müasir əmək bazarında ən çox tələb olunan ilk 10 bacarıq sırasındadır.
Asan xidmətdə keçirilən seminar 3 akademik saatlıq, 2 modulluq formatda keçirilib. Birinci modulda iştirakçılar liderliyin nə olduğu barədə məlumatlanıb və komanda tapşırıqları vasitəsilə bu bilikləri praktik şəkildə yoxlayıblar. İkinci modulda isə iştirakçılar Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi addımları və qərarları əsasında liderlik yanaşmaları təhlil edib, müzakirələr aparıb və mövzu üzrə faydalı nəticələr çıxarıb.
Qeyd edək ki, “LeadCraft” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibidir. Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə icra olunur. Layihə Şəki gəncləri ilə yanaşı Ağdaş, Zaqatala və Balakən rayon gənclərini də əhatə edəcək. Layihə haqqında yeniliklər Öndə-nin rəsmi Instaqram səhifəsində (@ondegencler) paylaşılacaq.