https://innews.media/uploads/news/2026-03/_innews_e25c1def9fe1b91e26a3ae9b8_o.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik ünvanlayıb.
Azturkxeber.az-ın məlunatına görə, tədbirdə bu mədəniyyət ocağının Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biri olduğu vurğulanaraq, onun uzun illərdir milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına mühüm töhfə verdiyi qeyd olunub.Dövlət başçısının təbrik məktubu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov tərəfindən səsləndirilib.
Dərbənddə yerləşən və Rusiya Federasiyasında Azərbaycan dilində fəaliyyət göstərən yeganə dövlət teatrı olan bu sənət ocağı əsaslı yenidənqurmadan sonra müasir tələblərə uyğun şəkildə fəaliyyətini bərpa edib. Tarixi XIX əsrə gedib çıxan teatr Dağıstanın mədəni həyatında xüsusi yer tutur və regionda yaşayan azərbaycanlıların mədəni kimliyinin qorunmasında mühüm rol oynayır.
Teatrın açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iştirak edib. O, çıxışında yenilənmiş teatrın açılışını Dağıstanın və ümumilikdə regionun mədəni həyatı üçün əlamətdar hadisə kimi qiymətləndirib, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.
Tədbirdə Dağıstan Respublikasının rəhbərliyi, Azərbaycan nümayəndə heyəti və teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış münasibətilə Novruz bayramına həsr olunmuş silsilə tədbirlərin, mükafatlandırma mərasiminin və konsert proqramının keçirilməsi planlaşdırılır.