logo
Milli Məclisdə incəsənət məktəblərinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmə keçirilib

Milli Məclisdə incəsənət məktəblərinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmə keçirilib

Milli Məclisdə incəsənət məktəblərinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmə keçirilib Milli Məclisdə incəsənət məktəblərinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmə keçirilib

Martın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı ilə "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmə keçirilib.

Tədbiri giriş sözü ilə açan Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov dinləmənin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Anar İsgəndərov müzakirə olunan mövzunun aktuallığını vurğulayaraq, qeyd edib ki, parlamentdə artıq ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər də incəsənət təhsili sahəsində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Komitə sədri diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndiriləcək. Onun sözlərinə görə, bu yanaşma qiymətləndirmə prosesində şəffaflığın və obyektivliyin təmin olunmasına, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

O, bildirib ki, incəsənət məktəbləri milli mədəni irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təhsil ocaqları uşaqlarda erkən yaşlardan musiqi, rəssamlıq və xoreoqrafiya kimi sahələrə maraq aşılayır, onların yaradıcılıq potensialının formalaşmasına şərait yaradır. Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən bu tip məktəblər əsasən dövlət tərəfindən maliyyələşdirilir və Mədəniyyət Nazirliyinin sisteminə daxildir. Onların başlıca məqsədi istedadlı uşaqları üzə çıxarmaq, peşəkar incəsənət təhsili üçün baza formalaşdırmaq və milli incəsənət ənənələrini yaşatmaqdır.

Komitə sədri bildirib ki, son illərdə bir sıra məktəblərin maddi-texniki bazasının yenilənməsi, binaların təmiri və infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şagirdlərin yerli və beynəlxalq müsabiqə və festivallarda iştirakı genişləndirilib. Bununla belə, uşaq musiqi, incəsənət, rəssamlıq və  bu qəbildən olan digər təhsil müəssisələri ilə bağlı bəzi aktual məsələlər öz həllini gözləməkdədir. Anar İsgəndərov bu məktəblərin regionlarda infrastruktur təminatının qeyri-bərabərliyi, ixtisaslı pedaqoji kadr çatışmazlığı, həmçinin bu tip məktəblərdə tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi kimi məsələlərə dair bəzi fikirlərini bölüşüb.

Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli mədəniyyət sahəsində təhsilə, xüsusən də onun əsas sahəsi olan incəsənət təhsilinə dövlət siyasətində xüsusi yer verildiyini vurğulayıb. Nazir qeyd edib ki, son illərdə bu sahədə sistemli islahatlar həyata keçirilir. O, cənab Prezidentin 2026-cı il 14 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından bəhs edib. Bildirilib ki, konsepsiyanın qarşıya qoyduğu çağırışlara uyğun olaraq mədəniyyət sahəsində insan kapitalının inkişafı və kadr hazırlığının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bunlardan da biri incəsənət məktəblərinin fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, məktəblərin fəaliyyət keyfiyyətinin artırılması prioritet istiqamətlərdəndir.

Adil Kərimli diqqətə çatdırıb ki, hazırda incəsənət məktəblərində tədris proqramlarının yenilənməsi, müasir pedaqoji metodların tətbiqi və rəqəmsallaşma prosesinin genişləndirilməsi istiqamətində işlər aparılır. Nazir, həmçinin müəllimlərin peşəkar inkişafının gücləndirilməsinin vacibliyini vurğulayaraq, sertifikasiya mexanizminin tətbiqini müsbət qiymətləndirib. Bildirib ki, bu yanaşma müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə, onların davamlı inkişafına stimul verəcək.

Nazir incəsənət məktəblərinin maddi-texniki bazasının daha da gücləndirilməsi, kadr potensialının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Daha sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov “Mədəniyyət Nazirliyi sistemindəki incəsənət məktəbləri: mövcud vəziyyət və perspektiv imkanlar” mövzusunda slaydlarla müşayiət olunan təqdimatla çıxış edib. O, Mədəniyyət Nazirliyi sistemindəki təhsil müəssisələrinin mövcud vəziyyəti, infrastrukturun yenilənməsi, məktəb şəbəkəsinin optimallaşdırılması, müəllimlərin peşəkarliq səviyyəsinin diaqnostikası kimi istiqamətlərlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, perspektiv imkanlar, qarşıya qoyulan məqsədlər, görüləcək işlər haqqında məlumat verib.

Sonra dinləmədə mövzu ərafında aparılan müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin üzvləri Bəxtiyar Əliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Pərvin Kərimzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, incəsənət sahəsində tənzimləmələr və attestasiya imtahanlarının keçirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Sonra mədəniyyət naziri Adil Kərimli tədbirdə deyilən fikirlərə münasibətini bildirib.

İctimai dinləmədə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, üzvləri Vasif Qafarov, Əziz Ələkbərov, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, xalq artistləri Mənsum İbrahimov və Fidan Hacıyeva, Milli Məclis Aparatının, aidiyyəti dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin