https://innews.media/uploads/news/2026-03/_innews_09311585b25777336f930de67_o.jpg
Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Oslo Azərbaycan Evində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Bayram tədbirində icma üzvləri, Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri və valideynlər iştirak ediblər.
Qeyd edək ki, tədbir iştirakçılarına Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri, Novruz bayramının tarixi və ənənələri haqqında məlumat verilib. Bildirilib ki, Novruz Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olmaqla baharın gəlişini, yenilənməni və birlik rəmzini ifadə edir.
Eyni zamanda tədbirdə Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan həftəsonu məktəbinin şagirdləri Novruza həsr olunmuş şeirlər səsləndiriblər, milli rəqslər və musiqi nömrələri təqdim ediblər. Tədbir iştirakçıları bayramın əsas rəmzləri olan səməni, tonqal və Novruz süfrəsini bəzəyən şirniyyatlarla tanış olub və bayram tonqalı ətrafında yallı rəqsi ediblər.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin xaricdə yaşayan azərbaycanlı uşaqlara milli kimliyi, ana dilini, adət-ənənələri və mədəni irsi aşılamaq olduğu vurğulanıb.
Sonda tədbir iştirakçıları Novruz süfrəsini bəzəyən şirniyyatların dadına baxıb və xatirə şəkilləri çəkdiriliblər. Tədbirdə azərbaycanlılarla yanaşı türk, güney azərbaycanlı və norveçli valideynlər və icmanın fəal üzvləri və yaxın dostları iştirak ediblər.