https://innews.media/uploads/news/2026-03/_innews_3b5270e816af627bc1ee8001b_o.jpg
Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun həmmüəllifi olduğu elmi məqalə İndoneziyada fəaliyyət göstərən Madura İslam Din İnstitutu (IAIN) və Dilin İnkişaf etdirilməsi Mərkəzinin nəşr etdirdiyi “OKARA: Jurnal Bahasa dan Sastra / Journal of Languages” beynəlxalq elmi jurnalında dərc olunub.
“Federerin “Hər bir amerikalının Quran haqqında bilməli olduğu: İslam mövzularının Saussur təhlili” əsərindəki əhəmiyyətli təhriflər” adlı məqalədə amerikalı müəllif Uilyam C. Federerin “What Every American Needs to Know About the Qur’an: A History of Islam & the United States” əsəri müasir semiotik yanaşma əsasında təhlil edilir. Tədqiqatda məşhur dilçi və semiotika nəzəriyyəçisi Ferdinand de Saussurenin irəli sürdüyü işarə (signifier–signified) münasibətləri kontekstində Federerin mətnindəki anlayışların təqdimatı araşdırılır.
Məqalədə keyfiyyət təsviri metodundan istifadə edilməklə, Federerin İslam dini, Qurani-Kərim və İslam Peyğəmbəri haqqında təqdim etdiyi bəzi fikirlərin semantik- ideoloji yönümlü təhriflər yaratdığı əsaslandırılıb. Araşdırma nəticəsində həmin yanaşmaların elmi və mənbəəsaslı şəkildə təhlili aparılır, İslam ənənəsinə uyğun alternativ izah və əks-arqumentlər təqdim olunur.
Qeyd edək ki, “OKARA: Journal of Languages” linqvistika, ədəbiyyat və dil tədrisi sahələrində aparılan aktual tədqiqatları, analitik məqalələri və ədəbiyyat icmallarını dərc edən beynəlxalq akademik jurnaldır.