logo
BTQ Hindistan hökumətinin zikh icmasına qarşı təzyiqləri ilə bağlı bəyanat yayıb

BTQ Hindistan hökumətinin zikh icmasına qarşı təzyiqləri ilə bağlı bəyanat yayıb

BTQ Hindistan hökumətinin zikh icmasına qarşı təzyiqləri ilə bağlı bəyanat yayıb BTQ Hindistan hökumətinin zikh icmasına qarşı təzyiqləri ilə bağlı bəyanat yayıb

Son illərdə Hindistan hökumətinin zikh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb və beynəlxalq narahatlıq doğurur.

Bu barədə "innews media" Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, müxtəlif insan hüquqları təşkilatlarının hesabatları Hindistan hökumətinin zikh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyasının genişləndiyini və transmilli xarakter aldığını göstərir.

Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər zikh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir. Bu, zikh fəallarına qarşı aparılan siyasətin sərhəd tanımadığını göstərir.

Məlum olduğu kimi, Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülmüşdür. Daha sonra ABŞ-da eyni ildə Hindistan vətəndaşı Nikhil Gupta-nın zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanmışdır. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülmüşdür.

Transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar yer alır. Bu üsulların məqsədi zikh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır.

Vətəndaş cəmiyyəti təşəbbüsləri də bu məsələnin beynəlxalq diqqət mərkəzində qalmasında mühüm rol oynayır. Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq hüquq çərçivəsində zikhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə 16 yanvar tarixində Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans təşkil etmişdir. Tədbirdə Hindistanda zikhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunmuş, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilmiş və birgə bəyanatlarla yekunlaşmışdır.

Tədbirdən sonra BTQ-nin rəqəmsal sistemləri kiber hücumlara məruz qalmışdır. Eyni zamanda, “Sikh Federation Canada” sədri Bual Moninder Singh tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri almışdır. Bu hadisələr göstərir ki, zikh məsələsini beynəlxalq platformalarda gündəmə gətirən qurumlar və şəxslər hədəfə çevrilir.

Qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir.

Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məhşur zikh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda kiber hücumlara qarşı dayanaqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilmişdir.

Qlobal düzəndə qeyri-sabitliyin artması və münaqişələrin çoxalması Hindistan hökumətinin əl-qolunu daha da açmışdır. Dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsidən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə zikh fəallara qarşı daha sərt təqiblər həyata keçirməkdədir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin