logo
BƏƏ: İranın hücumları regionu təhlükəli eskalasiyaya sürükləyir

BƏƏ: İranın hücumları regionu təhlükəli eskalasiyaya sürükləyir

BƏƏ: İranın hücumları regionu təhlükəli eskalasiyaya sürükləyir BƏƏ: İranın hücumları regionu təhlükəli eskalasiyaya sürükləyir

İranın əsassız, təxribat xarakterli və məsuliyyətsiz şəkildə 1000-dən artıq raket və pilotsuz uçuş aparatından istifadə etməklə həyata keçirdiyi hücumlardan sonra, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri daxil olan təhdidlərin böyük əksəriyyətini yüksək peşəkarlıq, səmərəlilik və qüsursuz fəaliyyətlə zərərsizləşdirib.

Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl müdafiə imkanları, institusional hazırlıq səviyyəsi və inteqrasiya olunmuş milli təhlükəsizlik sistemi sabit və sarsılmaz olaraq qalır. Vətəndaşların, rezidentlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi mütləq prioritet olaraq qalır. Müvafiq dövlət qurumları təhlükəsizliyi və sabitliyi qorumaq, eləcə də hamının rifahını təmin etmək məqsədilə gecə-gündüz fasiləsiz fəaliyyət göstərir.

Gördüyünüz kimi, gündəlik həyat heç bir fasilə olmadan davam edir. Enerji, su, telekommunikasiya, nəqliyyat, səhiyyə və təchizat zəncirləri daxil olmaqla əsas xidmətlər normal qaydada fəaliyyət göstərir.

Bu gün İqtisadiyyat və Turizm Nazirliyi bir daha təsdiqlədi ki, BƏƏ-nin turizm sektoru normal fəaliyyətini davam etdirir. Otellər, kurortlar və ticarət mərkəzləri təhlükəsizlik və keyfiyyət standartlarına tam riayət etməklə qonaqları qəbul etməyə davam edir.

Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri bir daha bəyan edir ki, ölkənin suverenliyinin, təhlükəsizliyinin və ya ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasını qəbul etməyəcək və hər hansı təcavüzün qarşısını almaq və ona cavab vermək üçün bütün zəruri tədbirləri görmək hüququnu tam və qanuni şəkildə özündə saxladığını vurğulayır.

Bundan əlavə, BƏƏ beynəlxalq ictimaiyyəti, xüsusilə də Təhlükəsizlik Şurasını bu təxribat xarakterli İran hücumlarını pisləməyə və onların təkrar olunmasının qarşısını almaq, eləcə də regional və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görməyə çağırışını yeniləyir.

Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq ictimaiyyət üzrə tərəfdaşları ilə güclü və konstruktiv əlaqələri davam etdirir ki, bu da son günlər həyata keçirilən geniş diplomatik təmaslarda öz əksini tapır. BƏƏ Prezidenti əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yaranmış vəziyyəti müzakirə etmək məqsədilə dünya liderləri ilə 72 telefon danışığı aparıb və bununla da BƏƏ-nin regional sabitliyə və beynəlxalq koordinasiyanın davam etdirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Baş nazirin müavini və xarici işlər naziri əlahəzrət Şeyx Abdullah bin Zayed Al Nəhyan isə dünyanın müxtəlif ölkələrinin xarici işlər nazirlərindən 65-dən çox telefon zəngi qəbul edib və onlar BƏƏ-yə tam həmrəyliklərini ifadə ediblər. Ümumilikdə 118 ölkə və beynəlxalq təşkilat bu hücumları pislədiyini bildirib. Bu təmaslar beynəlxalq ictimaiyyətin BƏƏ-yə göstərdiyi həmrəyliyin və dəstəyin dərinliyini nümayiş etdirir.

Birləşmiş Ərəb Əmirlikləri milli təhlükəsizliyi və iqtisadi dayanıqlılığı qoruyaraq mövcud inkişafları idarə etməkdə inam, birlik və strateji aydınlıqla hərəkət etməyə davam edir.

BƏƏ-nin mövqeyi:

- Birləşmiş Ərəb Əmirlikləri İranın BƏƏ-yə və regiondakı bir sıra ölkələrə qarşı həyata keçirdiyi ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumları ən sərt şəkildə qınayır və pisləyir. BƏƏ bu hücumları suverenliyin və ərazi bütövlüyünün açıq şəkildə pozulması, həmçinin beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsip və normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.

- BƏƏ bu hücumlardan zərər çəkmiş region ölkələri ilə tam həmrəyliyini və sarsılmaz dəstəyini bir daha təsdiqləyir və vurğulayır ki, hər hansı dövlətin suverenliyinin pozulması bütün regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid təşkil edir.

- BƏƏ mindən artıq hücuma məruz qalıb — bu rəqəm hədəf alınmış digər bütün ölkələrin birlikdə üzləşdiyi hücumların ümumi sayından çoxdur. Bu hücumların böyük əksəriyyəti BƏƏ Silahlı Qüvvələri tərəfindən yüksək peşəkarlıq, səmərəlilik və qüsursuz fəaliyyətlə qarşısı alınaraq zərərsizləşdirilib.

- Birləşmiş Ərəb Əmirlikləri vurğulayır ki, bu hücumlar yaxşı qonşuluq prinsiplərinə ziddir və BƏƏ-nin İranla münasibətlərdə ardıcıl şəkildə təşviq etdiyi gərginliyin azaldılması və sülh yolu ilə həll istiqamətinə xələl gətirir. Bu kontekstdə BƏƏ İranı xəbərdar edib ki, bu addımlar ikitərəfli münasibətlər üçün ciddi nəticələr doğura və siyasi, iqtisadi və ticarət sahələrinə birbaşa təsir göstərə bilər.

- Müvafiq olaraq, BƏƏ öz suverenliyinə hörmət olunmasını və bu hücumların dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb edir. BƏƏ eyni zamanda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tam şəkildə cavab vermək hüququnu özündə saxladığını təsdiqləyir.

- Bu hücumlara baxmayaraq, BƏƏ-də təhlükəsizlik vəziyyəti sabit olaraq qalır və milli institutlar ən yüksək hazırlıq səviyyəsində fəaliyyət göstərir. Vətəndaşların, rezidentlərin və ziyarətçilərin təhlükəsizliyi ən yüksək prioritet olaraq qalır.

- Daha geniş eskalasiyanın qarşısının alınması dərhal prioritet olmalıdır. Riskləri azaltmaq və səhv hesablamaların qarşısını almaq üçün bütün səylər göstərilməlidir, çünki eskalasiyanın qiyməti mülki əhali, iqtisadi sabitlik və beynəlxalq təhlükəsizlik üçün çox yüksək ola bilər.

Hava Hücumundan Müdafiə Reaksiyası

- BƏƏ-nin hava hücumundan müdafiə sistemləri hücuma yüksək səmərəliliklə cavab verərək daxil olan raketlərin və hava təhdidlərinin böyük əksəriyyətini uğurla zərərsizləşdirib.

- Bu nəticə BƏƏ-nin inteqrasiya olunmuş çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərinin texnoloji inkişaf səviyyəsini və yüksək əməliyyat hazırlığını əks etdirir. Bu sistemlər müxtəlif növ hava təhdidlərinə qarşı mübarizə aparmaq və ölkənin hava məkanının hərtərəfli qorunmasını təmin etmək məqsədilə uzaq mənzilli, orta mənzilli və qısa mənzilli sistemləri birləşdirir.

- BƏƏ bir daha bəyan edir ki, istənilən təhdidə qarşı tam hazır vəziyyətdədir və ölkənin təhlükəsizliyini və sabitliyini sarsıtmağa yönəlmiş hər hansı addımlara qarşı qətiyyətlə cavab vermək üçün bütün zəruri tədbirləri görəcək.

Əsas Rəqəmlər və Operativ Mənzərə

BƏƏ-nin mesajı aydındır: ölkədə yaşayanların, işləyənlərin və ölkəyə səfər edənlərin hamısının təhlükəsizliyi ən ali prioritet olaraq qalır.

Hücumların başlanmasından bəri zərərsizləşdirilən təhdidlərin ümumi sayı (7 mart 2026-cı il tarixinə):

Ballistik raketlər (221 raket aşkar edilib):

- 205-i havada məhv edilib

- 14-ü dənizə düşüb

- 2-si BƏƏ ərazisinə düşüb

Qanadlı raketlər:

- 8-i aşkar edilərək məhv edilib

Pilotsuz uçuş aparatları (1,305 aşkar edilib):

- 1,229-u zərərsizləşdirilib

- 76-sı BƏƏ ərazisinə düşüb və məhdud sayda ərazilərdə cüzi maddi ziyana səbəb olub

- Hava hücumundan müdafiə sistemlərinin qarşısını alması nəticəsində bəzi qalıqlar ölkənin müxtəlif ərazilərinə düşüb və bir sıra mülki obyektlərə cüzi və orta dərəcəli maddi ziyan dəyib.

Həlak olanlar və yaralananlar

- Hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşları olan üç nəfər həlak olub, həmçinin 112 nəfər yüngül xəsarət alıb. BƏƏ həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə tam sağalmasını arzulayır.

Aviasiya və Səyahətçilər

- BƏƏ hava limanları və milli hava yolları tərəfindən 30,913 sərnişinə dəstək göstərilib.

- Uçuşların pozulmasından təsirlənmiş səyahətçilərə 15,327 giriş vizası verilib ki, onlar BƏƏ-də təhlükəsiz qalaraq növbəti səfərlərinə davam edə bilsinlər.

- Otellərə təsirlənmiş qonaqların qalış müddətini uzatmaq tapşırılıb, həmçinin BƏƏ təxirə salınmış uçuşlar səbəbindən hava limanlarında qalan sərnişinlərin yaşayış və yemək xərclərini qarşılayacaq. Bundan əlavə, növbəti səfərlərin dəstəklənməsi üçün tədbirlər görülür, o cümlədən yaşayış yerlərinin təmin edilməsi, zəruri vizaların verilməsi və nəqliyyat xidmətlərinin təşkili, bu da BƏƏ-nin ərazisində olan hər kəsin təhlükəsizliyi və ləyaqətinin qorunmasına sadiqliyini bir daha təsdiqləyir.

Turizm Sektoru

- BƏƏ üzrə 1,260 otel fəaliyyət göstərir

- 40,000-dən çox turizm üzrə şirkət əməliyyatlarını davam etdirir

- Otellər, kurortlar, turistik məkanlar və ticarət mərkəzləri açıq qalır

İqtisadi Dayanıqlılıq

- 4–6 aylıq tələb üçün strateji ərzaq ehtiyatları mövcuddur

- Ədalətsiz qiymət artımının qarşısını almaq üçün bazar nəzarət tədbirləri həyata keçirilir. İqtisadiyyat və Turizm Nazirliyi, yerli iqtisadi zonalarla koordinasiya şəraitində, təchizat imkanlarını davamlı olaraq analiz edir və 627 əsas satış nöqtəsi ilə bağlı xüsusi platforma vasitəsilə pərakəndə satışda malların qiymətlərinə real vaxt rejimində nəzarət edir.

- Milli təchizat zəncirləri və logistika sistemləri normal qaydada fəaliyyət göstərir. BƏƏ-nin bank və maliyyə sektoru yüksək dayanıqlılıq nümayiş etdirir, kapital kifayətliliyi və likvidlik göstəriciləri beynəlxalq hədlərdən xeyli yüksəkdir, ümumi aktivlər isə 5,42 trilyon AED-dən çoxdur, bu da iqtisadi sabitliyin və daxili fəaliyyətin davamlılığını təmin edir.

Sual-cavab

Regiondakı cari vəziyyəti necə qiymətləndirirsiniz və gözlənilən eskalasiya ssenarisi nədir?

- Bu gün müşahidə etdiyimiz eskalasiya ABŞ ilə İran arasındakı nüvə danışıqlarındakı inkişafların, həmçinin daha geniş regional dinamikanın yaxından izlənilməsi əsasında aylıq öncədən proqnozlaşdırılmışdı. Bununla belə, vəziyyətin bu həddə çatmaması üçün həmişə ümid bəslənilirdi.

- BƏƏ, digər Körfəz Əməkdaşlıq Ölkələri( GCC)dövlətləri ilə birlikdə, ABŞ administrasiyası ilə əlaqə saxlamaq və həm açıq, həm də qapalı kanallar vasitəsilə ardıcıl mesajların çatdırılmasında əsas rol oynadı; məqsəd danışıqların uğursuzluğa uğraması halında qarşıdurmanın qarşısını almaq idi.

- Regional təcrübəmiz göstərib ki, hərbi həllər məsələləri yalnız mürəkkəbləşdirir və əsas problemləri həll edə bilmir. BƏƏ və digər Körfəz dövlətləri danışıqların dəstəklənməsində və hərbi eskalasiyaya qarşı çıxmaqda son dərəcə konstruktiv rol oynayıb. Onlar İrana aydın mesajlar çatdırdılar ki, bazaları və hava məkanları ona qarşı hücum başlatmaq üçün istifadə edilməyəcək; bu zəmanətlərə hörmət ediləcəyi gözlənilirdi. İranın mövqeyi rasional yanaşma ilə uyğun gəlmir.

- Münaqişənin gedişatını proqnozlaşdırmaq hələ tezdir. Vəziyyət mürəkkəb olaraq qalır və ümumi mənzərə qeyri-müəyyəndir. Bununla belə, regionun bu eskalasiyadan və onun nəticələrindən qaça biləcəyi açıq-aşkardır.

BƏƏ və Körfəz dövlətləri özlərini gələcək eskalyasiyanın qarşısının alınmasında hansı rolu oynayan kimi görürlər?

- BƏƏ öz hesabına və ya Körfəz dövlətlərinin hesabına eskalyasiyanı qəbul edə bilməz. Prioritetimiz münaqişəni məhdudlaşdırmaqdır.

- Bununla belə, İranın bu günkü hərəkətləri ona müharibə elan edən dövlətlərə deyil, qonşularına — eskalyasiyanın qarşısını almaq səylərində əhəmiyyətli rol oynayan ölkələrə yönəldilib.

- BƏƏ təsdiq edir ki, öz ərazisini qorumaq və vətəndaşlarının, sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək; beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz ərazisini və xalqını müdafiə etmək üçün qanuni hüququnu özündə saxlayır.

- Eyni zamanda, BƏƏ inkişaflara müvazinətli, strateji baxımdan yanaşmağa davam edir; reaktiv ritorikadan uzaq duraraq eskalyasiyanın azaldılmasına, diplomatik həllərə və regional sabitliyə üstünlük verir.

Beynəlxalq ictimaiyyətə müraciətiniz nədir?

- Mülki obyektlərə hücum edilməsi qəbuledilməzdir və birmənalı şəkildə pislənilməlidir.

- BƏƏ beynəlxalq ictimaiyyətə, xüsusilə BMT Təhlükəsizlik Şurasına çağırışını yeniləyir: İranın bu təxribatsız hücumlarını pisləsin və onların təkrarlanmasının qarşısını almaq, regional və beynəlxalq təhlükəsizliyi qorumaq üçün lazımi tədbirlər görsün.

Bəzi media xəbərlərinə görə, turistlər yaşayış xərclərinin və əsas məsrəflərin ödəniləcəyinə dair təminatlar verilməsinə baxmayaraq, Dubayda sıxışıb qalıblar. Vəziyyəti aydınlaşdıra və göstərilən dəstəyi ətraflı izah edə bilərsinizmi?

- 1 260 oteli və turizmlə bağlı 40 000-dən çox şirkəti əhatə edən BƏƏ turizm sektoru normal rejimdə fəaliyyətini davam etdirir. Otellər, istirahət mərkəzləri, turistik obyektlər və ticarət mərkəzləri açıq qalır və təhlükəsizlik standartlarına riayət edir.

- Məhdud sayda səyahətçi uçuş cədvəllərindəki dəyişikliklər səbəbindən müvəqqəti çətinliklərlə üzləşib ki, bu da regional qeyri-sabitlik dövrlərində qeyri-adi hal deyil. Bununla belə, heç bir ziyarətçi yardımsız qalmayıb.

- Müvafiq qurumlarla əlaqələndirmə çərçivəsində zərər çəkmiş ziyarətçilərə dəstək göstərmək üçün fövqəladə tədbirlər həyata keçirilib; bu tədbirlərə yaşayış yeri, logistik dəstək və səyahət məsələlərinin həllində yardım daxildir.

BƏƏ-dəki THAAD qəbuledici sisteminin zərər gördüyünə dair media xəbərlərinə necə cavab verirsiniz?

- Bu iddialar tamamilə əsassızdır və BƏƏ-nin yüksək hazırlıq səviyyəsini, texnoloji təkmilliyini və əməliyyat hazırlığını təhrif edir.

- BƏƏ uzaq mənzilli, orta mənzilli və qısa mənzilli sistemlər vasitəsilə milli hava məkanının hərtərəfli əhatəsini təmin edərək hava təhdidlərinin geniş spektrini aradan qaldırmağa qadir inteqrasiya olunmuş çoxqatlı hava müdafiə sistemlərini işlədir.

- BƏƏ bir daha təsdiq edir ki, hər hansı təhdidlə mübarizəyə tam hazır və qadirdir; ölkənin təhlükəsizliyini və sabitliyini sarsıtmağa yönəlmiş hər şeylə qətiyyətlə mübarizə aparmaq üçün bütün lazımi tədbirləri görür. Vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyi həmişə əsas prioritet olaraq qalır və bu məsələdə güzəştə getmək mümkün deyil.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin